sitename

Kult.az Azərbaycanın ikinci prezidenti, şərqşünas alim Əbülfəz Elçibəyə istinadən Qüdsün fatehi Səlahəddin Əyyubi ilə bağlı yazının təkrar dərcinə zərurət gördüyü üçün redaktə ilə təqdim edir:

***

Bir gün Qahirə Universiteti Tarix fakültəsinin bir tələbəsi ilə tanış olduğumda "Hansı ölkədənsiniz?” soruşdu. "Azərbaycandan” dedim. Tələbə "Siz Səlahəddin Əyyubinin vətənindənsiniz!” - dedi.

Mən Səlahəddin Əyyubi haqqında az oxumamışdım. Ancaq bu sözü yeni eşitmişdim və bir o qədər də çaşdım. "Haradan bilirsiniz?” soruşdum. Tələbə sabah mənbəni gətirəcəyini dedi.

Gətirdi də. Eni (indi qəti deyə bilmirəm) 25-30 sm, boyu 40-50 sm olan ayrıca bir əsər idi. Rəngli şəkillərlə görkəmli şəxslər ardıcıllığından ensiklopedik yayındı, üzərində Səlahaddinin cəngavər geyimində rəsmi var idi.

Avropada Saladin adı ilə tanınan, yalnız Qüdsdə deyil, bütün Fələstin və Suriyada xaçpərəstləri darmadağın edib bu yerləri onlardan təmizləyən, Almaniya imperatorunun, İngiltərə və Fransa krallarının liderliyi altında başlayan üçüncü səlib yürüşünə (1189-92) qarşı birləşmiş müsəlman ordularının başında dayanaraq xaçlıların baş komandiri, bütün Avropanın qürur duyduğu İngiltərə Kralı aslan ürəkli Riçardı (1157-1199) Akka Qalasında diz çöktürərək əsir alan, bütün Avropanın "qəzəbinə gəlmiş” və hətta Dantenin "İlahi komediya” əsərində cəhənnəmdə təsvir edilən, Misirdə Əyyubilər sülaləsinin hakimiyyət əsasını 1177-ci ildə qoyan məğlubedilməz komandan Sultan Səlahəddin (1138-1193)! Tarixçi şagirdin verdiyi əsərdə mənim üçün yeni olan bu idi ki, Sultan Səlahəddindən soruşmuşlar:

- Deyirlər ki, siz kürdsünüz. Bu, doğrudurmu?

- Xeyr! – cavab verir Sultan. - Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Ez-zib tayfasındanıq.

O zaman bunu oxuduqda məni çox həyəcana gətirmişdi. Bir şeyə heyfsilənirdim ki, tarix qaynağı göstərilməmişdi. Sonralar Bakıda aspiranturada oxuyarkən və universitetdə dərs verərkən də Səlahəddin haqqında araşdırmalarımı davam etdirdim və axtardığımı tapdım; araşdırmaçıların ən doğru saydığı resursların birində — tanınmış görkəmli alim İbn Hellikanın "Görkəmli adamların ölüm tarixi” (Vefayat əl-ayan) əsərində.

İbn Hellikan yazır: "Şirkuh demişdir ki, bizim nəsəbimiz (soykökümüz) Göy Börüdür (boz qurd/göy qurd)!”. Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçədə geniş bir şəkildə yayılmış Göy börü, Qara börü, Boz börü tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır. Hazırda da bu adları daşıyan yer, məhəllə, kənd, oba, dağ, tayfa və nəsillərə bu bölgələrdə tez-tez rast gəlinir.

Bu məsələnin — orta əsrlərdə "qurd” sözü ilə "kürd” sözünün ərəb əlifbası ilə yazılışındakı uygunluğundan doğan qarışıqlığın başqa bir bənzəri Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı olmuşdur. Bu mövzuda Azərbaycan ədəbiyyat alimləri təkrar-təkrar yazmışlar. Onların dediyini burada qeyd etməyi lazımlı sayıram. Belə ki, Nizami əsərlərinin birində "mənim qurd sifətli anam” yazmış (Gər maderi-mən Rəiseyi-qord/ Madər sefətane pişe mən mord – Mənim anam qurd Rəisə/Ana sifətində qarşımda öldü - red.), tədqiqatçılar bunu "Mənim anam kürd Rəisə” olaraq oxuyub, səhv təqdim etmişlər (orta çağda "qurd” sözü ilə "kürd” eyni şəkildə yazılardı).

(Qeyd edək ki, Nizaminin anası Rəisə haqda yazdığı sözün "kürd” kimi oxunması şeirin poetikası və kontrastına da ziddir. Şair burda təzad yaradır: mənim qurd sifətli, mərd anam ana sifətində (zərif, zəif, mələk kimi) qarşımda öldü – red.)

İbn Hellikan (Hallikan) eyni əsərində tarixdə bərabərinə az rast gəlinən komandirlərdən olan, "xəlifələri yıxıb xəlifələri taxta çıxaran”, Əməvilər xilafətinə son verən Əbu Müslim haqqında ayrıca yazmış, onun da əslən Azərbaycandan olduğunu göstərmişdi. İbn Hellikan yazır ki, Əbu Müslim Azərbaycanda bir əmirin oğlu idi. Atası öldüyündə anası başqa bir əmir ilə evlənmiş, yeni əmir oğulluğu Əbu Müslimə özü təlim-tərbiyə vermiş, yanında büyütmüşdü. Sonra o əmiri Xorasana xidmətə göndərdilər, ailəsi ilə birlikdə getdi. Əbu Müslimi də özü ilə apardı.

Yeni əmir Xorasanda öldüyündə onun vəzifəsinə oğulluğu Əbu Müslim təyin edildi. Əbu Müslim sonralar Xorasani adı ilə tanındı.

Qiymətli oxucu-vətəndaş, Azərbaycan gəncləri, gəlin Ərəb Xilafətinin tarixində ötəri də olsa, bir göz gəzdirin: Məhəmməd peyğəmbərin ölümündən sonra dövləti idarə edənlərə xəlifə, yəni peyğəmbərin davamcısı deyirdilar. Buradan da dövlətə "xilafət” adı qoymuşdular. İlk dörd xəlifə - Əbubəkr, Ömər, Osman və Əli müsəlman icması tərəfindən seçildikləri üçün onlara "xulefau ər-Raşidin” — "seçilmiş, bəyənilmiş xəlifələr” deyirdilər. 661-ci ildə Əməvilər (Bəni Üməyya) şuraya icazə vermədən xilafəti qan və qılıncla ələ keçirdi. Onların hakimiyyəti 750-ci ilə qədər davam etdi. Bu haqsız, qəddar rejimə qarşı başını qaldıranlar amansızca məhv edildi, üsyanlar, çıxışlar qan dəryasında boğuldu, kütləvi edamlar yaşandı. Bu zalım sülalədən xilas olmaq sanki qeyri-mümkün idi. Belə bir vəziyyətdə Azərbaycan türkü Əbu Müslim Azərbaycan, Xorasan, Baktriya və Xarəzm türklərini başına toplayıb, «hakimiyyət peyğəmbər evinə» deyərək Xorasanda üsyan bayrağını qaldırdı. Bir ilin içində Türküstandan Mərakeşə (Məğrib) qədər bütün ölkələrdə Əməvilər darmadağın edildi, onlardan yalnız bir adam canını qurtarıb Əndəlüsə (İspaniyaya) sığına bildi və orada Əməvilərin hakimiyyətini davam etdirdi. Peyğəmbərin əmisi Abbasın oğulları (nəsli) hakimiyyətə gəldi. 750-ci ildə Abbasilər Xilafəti quruldu. Xilafətin paytaxtı Şamdan (Suriyadan) Bağdada (İraqa) daşındı. Bu səbəblə xilafətə "Bağdad xilafəti” də deyilir. Abbasi hakim sülaləsinin ikinci nümayəndəsi hiyləgər Mənsur şan və şöhrəti bütün xilafəti bürümüş Əbu Müslimi həccə getməyə təşviq etdi. Əbu Müslim öz ordusundan ayrıldı, yanında bir neçə dostu və köməkçisi ilə Həcc ziyarətinə gedərkən Bağdad sarayına dəvət edilərək şərəfinə ziyafətlər verildi. Mənsur Əbu Müslimi və yoldaşlarını xaincəsinə sarayda qətlə yetirdi.

Tarix bu xəyanəti bağışlaya bilməzdi; IX əsrin birinci yarısında Azərbaycan türkü Babək bütün Azərbaycanı ayağa qaldırdı, Abbasi ordularını darmadağın edib onların hakimiyyətini tənəzzül etdirdi. O zamanın tarixçiləri yazırdı ki, Babək Əbu Müslimin intiqamını alırdı. Tarixdə sadə xalq içərisindən çıxmış üç böyük belə sərkərdə ən yüksək qəhrəmanlıq zirvəsinə çıxmışdır: Spartak, Babək, Xuan Çao (IX əsr, Çində). Qətiyyətlə deyə bilərik ki, Babək bunların içərisində daha böyük, daha cəsur, daha istedadlı komandir idi.

Abbasi imperatorluğuna qarşı Azərbaycan xalqının azadlıq mübarizəsini təşkil və ona başçılıq edən, Azərbaycanın və "bütün İran xalqlarının milli iftixarı” (Said nəfs) Babək imperatorluğu diz çökdürdü.

Abbasilər imperatorluğu itirsə də, sülalə hakimiyyəti yalnız İraq ərazisini əhatə etsə də, nominal, oyuncaq hakimiyyətləri sürürdü. 1258-ci ildə Azərbaycanın dahi alimi Nəsrəddin Tusinin məsləhəti əsasında (o, Hülakünün baş vəziri idi) Hülakü Bağdadı alıb, Abbasi xəlifəsini hovuzda boğdurdu və bununla da Bağdad xilafətinə son verildi. 1177-ci ildə Azərbaycan türkü Səlahəddin Misirdə Fatimilərin xilafətinə son verərək atası Əyyubun (Əyyüb Səlahəddinin atası Yusifin və əmisi Şirkuhun ataları idi) adı ilə öz sülaləsini hakimiyyətə gətirdi.

Bütün bunlar qəhrəman bir millətin şərəfli tarixindən xəbər verən bəzi sətirlərdir. Türk olmayan bir məşhurun sözüdür: "Türklər dövlət yıxıb-dövlət qurmaqda dünyanın ən mahir və qabil millətidir”.

Mənbə:

Əbülfəz Elçibəy: Bütöv Azərbaycan Yolunda, s.162, 163,164P.S (Tarix.info)

Qeyd:Əyyubilər dövlətinin dili türk dili olmuşdur və Səlahəddin Əyyubinin uşaqlarının adları da türk adlarıdır: TUĞTƏKİN VƏ TURANŞAH!

Əyyubilərdən sonra qurulan Məmlük dövləti də "türk” sözünün ərəbcə qarşılığı olan "ətrak” sözündən istifadə edilərək "Dövlət-ül Ətrak – Türklərin dövləti” adlandırılıb.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300