sitename
Bəzi banklar dollar satışına limit qoymağa başlayıb. Oktyabrın 19-da iki bank dollar satışına limiti aşağı salıb. "Xalq Bank” və "Dəmirbank”ın bu addımı atdığı bildirilir. "Xalq Bank”dan verilən məlumata görə, səhər saatlarından etibarən dolların satışına limit təyin edilib. Bir nəfərə 1000 dollar limitlə satış həyata keçirilir. 

Avro satışı üzrə limit individual həyata keçirilir. Qeyd edək ki, bank sentyabrın 29-dan etibarən xarici valyuta satışına qoyulan limiti aradan qaldırmışdı. "Dəmirbank” isə dollar satışına qoyulan limiti 5000-dən 3000-ə qədər azaldıb. Bankdan bildirilir ki, fins.az-a bildirilib ki, oktyabrın 14-dən etibarən dollar satışına 5000 limit təyin etmişdi. Avro satışı üzrə limit isə dəyişməyərək 1000 olaraq qalıb.

Ekspertlər isə dollar limitinə qoyulan qadağanı musavat.com-a fərqli prizmadan izah ediblər. Ekspert Elşad Məmmədov bildirib ki, bəzi banklar tərəfindən dollar satışına yenidən məhdudiyyətlərin tətbiq olunması bank sektorunda sistemdaxili  problemlərin olduğunu bir daha göstərir. Belə ki, ölkədə fəaliyyət göstərən banklar həm likvidlik göstəriciləri, həm aktivlərinin həcmi və strukturuna, həm kredit resurslarına çıxış imkanlarına və digər göstəricilərə görə diametral dərəcədə əks vəziyyətdədirlər. 

Bu, bankların sayının ölkənin iqtisadi  potensialına nisbətən həddən artıq çox olması, valyuta təminatı ilə bağlı bankların qeyri-bərabər vəziyyəti ilə bağlıdır. Həmçinin, qeyri-effektiv bank risk-menecmenti, problemli, zərərli aktivlərin həcmində mənfi dinamika və buna görə də bankların xarici öhdəliklərinin artması ilə bağlı məsələdir. Belə olan halda, həmin banklar məhdud xarici valyuta resurslarını daxili bazarlara çıxarmaqdansa, xarici öhdəliklərə xidmət  etmələrinə yönəltməyi və yaxud özlərində saxlanmasını üstün tuturlar”. 

Ekspertin sözlərinə görə, hazırkı şəraitdə Neft Fondunun büdcə qarşısında öhdəliklərinin planlaşdırılandan xeyli az həcmdə yerinə yetirilməsini də nəzərə aldıqda, maliyyə bazarlarına Neft Fondu tərəfindən ediləcək intervensiyalar hesabına, hökumət tərəfindən milli valyutanın məzənnəsinin qorunması yaxın dövrdə mümkündür: "Bununla belə, manatın məzənnəsinin real iqtisadi vəziyyəti əks etdirməsi o zaman mövcud ola bilər ki, dövlət milli valyutanın məzənnəsinin formalaşmasını bazarın öhdəsinə buraxsın. Azərbaycan iqtisadiyyatının spesifikası isə bunun dərhal daxili bazarda ciddi makroiqtisadi fəsadlarla nəticələnəcəyini söyləməyə əsas verir. Buna görə də düşünürəm ki, ölkə hökuməti çalışacaq ki, ölkədə kəskin devalvasiya olmasın. Amma hökumətin bu istiqamətdə imkanları məhduddur və bu, davamlı şəkildə baş verə bilməz. Milli valyutanın  məzənnəsi uzunmüddətli, strateji baxımdan hansı səviyyədə olması əsasən tədiyyə balansı və digər mühüm makroiqtisadi göstəricilərlə bağlıdır. Fikrimcə, hökumətin iqtisadi siyasətində prioritet istiqamət həmin makroiqtisadi göstəricilərdə struktur cəhətdən müsbət dinamikanın formalaşdırılmasından ibarət olmalıdır. Bununla yanaşı, maliyyə sektorunun  sağlamlaşdırılması, bankların sayının optimallaşdırılması siyasəti intensivləşdirilməli və ölkənin bank-maliyyə  sektorunda risk-menecmentin lazımi səviyyədə qurulmasına nail olunmalıdır”.

Ekspert Fikrət Yusifov isə musavat.com-a deyib ki, bəzi banklar bu addımı atırlarsa, bu, onların daxili problemidir: "Bütövlükdə ölkə üzrə valyuta bazarında hal-hazırkı durum sabitdir. Dövlət Neft Fondu tərəfindən Beynəlxalq Banka bir milyard dollar həcmində depozit yerləşdirməsindən sonra manat möhkəmlənməyə üz tutdu. Bu prosesin hələ bundan sonra da davam edəcəyi gözləniləndir. Bütövlükdə Neft Fondu atdığı bu addımla çox yaxşı bir təcrübə sərgiləmiş oldu. Hesab edirəm ki, vəsaitlərin bu şəkildə yerləşdirilməsi Fond üçün də çox sərfəlidir. Belə depozitlərə görə xarici banklar çox cüzi faizlər ödədikləri halda, Beynəlxalq Bank adı çəkilən depozitə görə Dövlət Neft Fonduna illik 4 faiz ödəniş edəcək”.

Röya RƏFİYEVA, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300