sitename

"Süni bahalaşmanı biz yox, monopolist şirkətlər yaradır” 

 

Son aylar ərzaq məhsulları sürətlə bahalaşır. Dolların bahalaşması xaricdən gətirilən mallarla yanaşı, yerli məhsullarda da qiymət artımına səbəb olub və tendensiya davam edir. Həm geyimlərin, həm ərzaq və qeyri-ərzaq mallarının, həm də xidmətlərin bahalaşması  əhalidə də narahatlıq yaradıb. 

Dolların üzən məzənnə siyasətinə keçməsindən istifadə edən  işbazlar yerli malları da süni şəkildə bahalaşdırırlar. Bu gün də stabil qiymətlərə rast gəlmək demək olar ki, mümkün deyil. Paytaxtda bir neçə mağazaya baş çəksək əvvəlki günlərlə müqayisədə qiymətlərin dəyişdiyinin  şahidi olarıq. Eyni məhsul iri supermarketlərdə bir qiymət, xırda mağaza və dükanlarda isə başqa qiymətə  satılır. Bütün bunlar  insanların haqlı narazılığına səbəb olur. Kimi qiymətlərin idxalçı və istehsalçı şirkətlər tərəfindən artırıldığını, kimi isə topdansatış mərkəzlərinin süni şəkildə bahalaşma yaratdığını düşünür. 

Bütün bunları nəzərə alaraq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımı ilə bağlı  "qaynar xətt” də yaradıb. Ərzaq məhsullarının süni qiymət artımı halları olarsa, vətəndaşlar dərhal həmin qaynar xətt nömrələrinə zəng edib, şikayətlərini bildirə bilirlər. Lakin nazirlik nümayəndələri problemin əsas səbəbkarlarını deyil, daha çox xırda ticarətlə məşğul olanları məsuliyyətə cəlb edir. Bu baxımdan, paytaxtda bir çox satış mərkəzlərinin və mağazaların müflis olması, bağlanması da nəzərə çarpır. 

Musavat.com-un müxbiri bu cür sürətli bahalaşmanın səbəblərini öyrənmək  üçün topdansatış bazarlarına baş çəkib, qiymətlərlə maraqlanıb.

Bakıda topdansatış mərkəzlərinin sıx  yerləşdiyi ünvan Mirəli Qaşqay küçəsi, başqa sözlə, "28 May” metro stansiyasının arxasıdır. Burada sıra ilə yerləşən topdansatış mərkəzlərindən paytaxtdakı mağazalara və supermarketlərə topdan mal satılır.

Uzun illərdir ki, bu ərazidə  topdansatış mərkəzləri fəaliyyət göstərdiyindən bu yer  paytaxt sakinləri arasında da  tanınır. Mirəli Qaşqay küçəsindən, "Drujba” adlanan əraziyə qədər topdansatış  mərkəzləri fəaliyyət göstərir. Onlarla mağazaya baş çəksək də, az sayda satıcıya və müştəriyə rast gəlirik.

Bizimlə həmsöhbət olan sahibkarlar müəyyən dövlət qurumlarının qəzəbinə tuş gəlməmək üçün adlarının çəkilməsindən və kamera önünə çıxmaqdan imtina etsələr də, problemlərini bölüşdülər. 

Sahibkarlardan biri bildirdi ki, monopolist şirkətlər onları bazarda sıxışdırmağa çalışırlar: "15 ildən çoxdur ki, burada topdansatışlar fəaliyyət göstərir. Qazanc yerimiz buradandır. Əvvəllər mağazalara, supermarketlərə mal verirdik. İndi isə bu mümkün deyil. Hər şirkət özünə mağazalar şəbəkəsi yaradıb, mallarını da özü verir. Biz yalnız ara küçələrdəki mağazalara, məhəllə marketlərinə mal verə bilirik”.

Sahibkarların sözlərinə görə, elə süni bahalaşmanı istehsalçı iri şirkətlər yaradır: "Xaricdən idxal olunan məhsullarla yanaşı, Azərbaycanda istehsal olunan mallarda da qiymət artımı var. Elə məhsul yoxdur ki, bahalaşma olmasın. Bu gündən tanınmış şirkətlər alış qiymətlərinin yeni siyahısını göndərib ki, sabahdan qiymətlər qalxır. Efirdə isə çıxıb danışırlar ki, topdansatışlar süni şəkildə qiyməti artırır. Ancaq bu bizim günahımız deyil. Biz malın üstünə maksimum 10 qəpik qoya bilirik. Tutaq ki, istehsalçı şirkət malı bizə 50 qəpiyə verir. Biz də üstünə heç olmasa 10 qəpik qoymaq istəyirik. Belə olan halda onlar xəbərdarlıq edir ki, qiyməti bahalaşdırmayın. Elə mal var ki, üstündə bizə 2 qəpik qalır. Bunu həmin monopolist şirkətlərə demək lazımdır ki, qiyməti elə qoysunlar biz də qazanaq. Öz marketlərində isə qiyməti necə gəldi qoyurlar. Belə olan təqdirdə biz müflis oluruq”. 

Müşahidələrimiz zamanı ərazidəki onlarla topdansatış obyektinin bağlandığını gördük. Obyekt sahibləri bağlanma səbəbinin monopolist şirkətlərin qoyduqları şərtlərlə bağlı olduğunu dedilər: "Bu gün paytaxtdakı iri supermarketlərdə özbaşınalıqdır. İstehsalçı monopolist şirkətlər özlərinin qurduğu şəbəkələrdə istədiyi qiymətləri qoyurlar.  Bu yolla xalqın cibinə girirlər. Xaricdən gətirilən məhsulları başa düşmək olar. Axı özümüzdəki məhsullar nə üçün o qədər bahadır? Deyəcəklər ki, xammal xaricdən gətirilir. Razılaşırıq. Bütün dünyada belədir. Ancaq insafla da. Maya dəyərindən 4-5 dəfə baha satmaq olmaz axı. Bu birbaşa milləti talan etməkdir. Qorxumuzdan bir söz deyə bilmirik. Adı topdansatış mərkəzidir, ancaq pərakəndə satmaqla dolanırıq”.

Topdansatış mağazalarına gələn müştərilərlə də həmsöhbət olduq. Yeganə adlı alıcı gündəlik ərzaq məhsullarının  günbəgün bahalaşdığını dedi: "Ev bazarlığını həmişə buradan edirəm. Marketlərə nisbətən ucuz satılır. Misal üçün, burada  3 manat 20 qəpiyə satılan toyuq əti mağazalarda 4 manata satılır. Yumurta, yağ, kəsmik və başqa məhsulların qiyməti də burada münasibdir. Bunun səbəbi isə odur ki, bu sahibkarlar istehsalçı şirkətdən ucuz alıb, üzərinə az miqdarda pul qoyub satırlar. 

Ancaq supermarketlərdə vəziyyət fərqlidir. Çox qazanmaq üçün süni şəkildə qiyməti artırırlar. Günü-gündən bahalaşma gedir. 2 manat 60 qəpiyə aldığımız yağ 1 ay içində 3 manat 70 qəpik oldu. Bəzi mağazalarda isə 3 manat 90 qəpiyə satılır. Bir sözlə, dolların bahalaşmasından istifadə edib, necə gəldi qiymət qoyurlar. Bu sahədə özbaşınalıqdır. Bu gün bir manata olan ərzaq, sabah 1 manat 40 qəpiyə satılır. Qəpik-qəpik insanlardan oğurluq edirlər”. 

Məğrur MƏRD
Fotolar müəllifindir


 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300