sitename
Cavid Şirəliyev: "Mənə qarşı irəli sürülən ittiham sübuta yetirilə bilmir, amma hələ də həbsxanalardayam”

Hazırda həbsdə olan, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən 7gun.az saytının rəhbəri, hüquq müdafiəçisi Cavid Ələsgəroğlu dünən Azərbaycan prezidenti İlham Əliyevə, Konstitusiya Məhkəməsinin sədri Fuad Abdullayevə, Baş Prokuror Zakir Qaralova, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Kəramət Əliyevə müraciət ünvanlayıb. 

JAM.AZ xəbər verir ki, həmin müraciətində baş redaktor günahsızlığını dəqiq faktlarla sübut edib və müraciət etdiyi şəxslərdən xahiş edib ki, qondarma cinayət işini ləğv etsinlər. 

Şirəliyev yazır: "Məlumat üçün bildirirəm ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 2014-cü ilin təxminən may-iyun ayında keçirdikləri tədbir zamanı Tovuz rayon Qovlar qəsəbə Bələdiyyəsinə məxsus olan, 2011-ci ildən başlayaraq 2014-cü ilə qədər Rəhimova Zəhra Namaz qızına hər il üçün illik kirayə verilmiş 0.1 sot torpaq sahəsində 2014-cü ilin təxminən aprel ayında quraşdırılmış metal konstruksiyada əxlaqsızlıq yuvası aşkar edilmiş, fakta görə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində AR CM-244.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı şəhər Qaradağ rayon sakini Xankişiyeva Şəfiqə qızı təqsirləndirilən əxs qismində məsuliyyətə cəlb olunmuşdur.

Qeyd etmək istəyirəm ki, DİN-nin BMCMİ-də AR CM-244.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Şəfiqə İsmayıl qızı Xankişiyevanın təqsirləndirilən şəxs qismində cəlb edilməsi tamamilə əsassız və qanunsuzdur!

Ona görə ki, Tovuz rayon Qovlar qəsəbəsində olan 0.1 sot torpaq sahəsinin və orada quraşdırılmış metal konstruksiyasının heç bir halda Şəfiqə Xankişiyeva ilə əlaqəsi, onunla hər hansı bir formada bağlılığı və ona aidiyyatı yoxdur!

DİN əməkdaşları tərəfindən cinayət işinin başlanması anında qanun pozuntularına yol verilmiş, kobud saxtakarlıq edilmişdir. Ən acınacaqlısı odur ki, kobud qanun pozuntularına ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq əməkdaşları və digər vəzifəli şəxslər

tərəfindən qanunla müəyyən edilmiş qaydada baxılmamış, daha doğrusu baş verənlərə məqsədlişəkildə göz yumulmuşdur.

Belə ki, sözügedən metal konstruksiyada hər hansı bir hadisə baş vermişdisə buna görə məhz Rəhimova Zəhra Namaz qızı cinayət məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunmalı idi. Çünki Tovuz rayon Qovlar qəsəbəsi Vağzal küçəsində olan 0.1 sot torpaq sahəsi bilavasitə Zəhra Rəhimovaya icarəyə verilmiş, onunla Bələdiyyə arasında bağlanmış müqavilələrdə hər hansı bir tiklinin və ya metal konstruksiyanın olması göstərilməmişdir. Müqavilə şərtlərinə əsasən, həmin ərazidə tikinti aparmaq qəti qadağan edilmiş, habelə icarəyə götürülən yerlərin başqasına icarəyə verilməsinə və özbaşına dəyişdirilməsinə, alınıb-satılmasına, girov qoyulmasına və torpaq qanunvericiliyinin digər hallarının pozulmasına yol verilməməsi qeyd edilmişdir.

DİN-nin əməkdaşları AR CM-nin 244.1-ci maddəsi ilə başlanmış cinayət işinə xitam verilməsi üçün Xankişiyeva Şəfiqə İsmayıl qızından külli miqdarda pul tələb ediblər. Əvvəlcə tərəflər arasında razılıq əldə olunsa da, həmin məbləğ çox böyük olduğuna görə Şəfiqə Xankişiyeva sonradan tələb olunan pulu DİN-nin əməkdaşlarına verməkdən imtina edib. Bundan sonra o, Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri, onların öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri barədə aidiyyatı dövlət orqanlarına müraciət etmək qərarına gəlib. Bunun üçün Şəfiqə Xankişiyeva 2014-cü ilin təxminən may ayında jurnalist kimi tanıdığı Orucov Asif Akif oğlundan problemlərinin həlli istiqamətində ona kömək etməyi xahiş edib. Asif Orucov tanışı Məhərrəm Əsgərovla birlikdə Şəfiqə Xankişiyevanın sözləri əsasında DİN-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri və hərəkətləri ilə əlaqədar müxtəlif instansiyalara ərizə və şikayətlər yazmış, Şəfiqə Xankişiyeva həmin müraciətləri imzaladıqdan sonra qeyd olunan ünvanlara göndərmişdir.

Qanunsuz işlərindən və hərəkətlərindən şikayət olunduğunu bilən DİN-nin əməkdaşları rəhbər şəxslərin razılığından sonra Xankişiyeva Şəfiqə İsmayıl qızından Asif Orucov və Məhərrəm Əsgərova qarşı, onların cinayət məsuliyyətinə cəlb olunmaları üçün şifahi ərizə protokolu alınmışdır.

Həmin şifahi ərizə protokolu AR CPM-nin 204-cü maddəsinin tələblərini kobud sürətdə pozması ilə tərtib olunmuşdur.

Protokolu qanunvericilikdə nəzərdə tutulmayan hansısa mütəxəssis qismində dəvət olunmuş şəxs imzalamış, Şəfiqə Xankişiyevanın məlumatları üçüncü şəxs adından protokola yazılmışdır. Halbuki, AR CPM-nin 204.4-cü maddəsinə əsasən, həmin məlumatlar protokolda birinci şəxs adından qeyd olunur.

Habelə Xankişiyeva Şəfiqə İsmayıl qızı DİN-nin BMCMİ-də AR CM-nin 244.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində olduğu halda ona bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilmiş və o, bunu imzası ilə təsdiq etmişdir.

AR CPM-nin 91.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamlıdır. Cinayətin törədilməsinə aidiyyatı olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz.

Göründüyü kimi 02 avqust 2014-cü il tarixli şifahi ərizə protokolu DİN-nin vəzifəli şəxsləri tərəfindən saxtalaşdırılmışdır. Şifahi ərizə protokolunu müraciətimə əlavə edirəm.

Xankişiyeva Şəfiqə İsmayıl qızının ifadəsi və izahatı əsasında Orucov Asif Akif oğlu və Əsgərov Məhərrəm Ələkbər oğlu barəsində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində AR CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işi başlanmış və onlar 04 avqust 2014-cü il, 05 avqust 2014-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur.

Asif Orucov DİN-nin BMCMİ-də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman Şəfiqə Xankişiyevanı 2013-cü ildə mənim vasitəmlə tanıdığını bildirmiş, mənimlə bağlı həqiqətə uyğun olmayan ifadə və izahat vermişdir.

Bundan sonra DİN-nin rəhbər şəxslərinin tapşırığına əsasən BM CMİ-nin əməkdaşları Şəfiqə Xankişiyevadan da Asif Orucovun ifadəsinə və izahatına oxşar ifadə və izahat almışdır. Bir daha qeyd edirəm ki, Xankişiyeva Şəfiqədən mənə qarşı və mənimlə bağlı ifadə və izahat alınarkən ona AR CM-296-cı maddəsi ilə bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilmiş və o, bunu imzası ilə təsdiq etmişdir.

Xankişiyeva Şəfiqə İsmayıl qızı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə və izahat verən zaman o. AR CM-nin 244.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs, yəni cinayət təqibini həyata keçirən orqandan asılı vəziyyətdə və təsir altında olmuşdur. Ona görə də Şəfiqə Xankişiyevanın DİN-nin BMCMİ-də mənimlə bağlı verdiyi ifadəsi və izahatı DİN-nin rəhbər və BMCMİ-nin vəzifəli şəxslərinin maraqlarına və uydurmalarına uyğun formada yazılmışdır.

Guya mən 2013-cü ilin iyun ayının təxminən ortalarında Tovuz rayon Qovlar qəsəbəsində yerləşən "Tatar” kafesinin icarədarı Xankişiyeva Şəfiqə İsmayıl

qızına məxsus mobil telefona zəng vurub, rüsvayedici məlumatlar yayacağını Adilə hədə-qorxu gələrək, tanışım Orucov Asif Akif oğlu ilə əlbir olub ondan 2000 manat pul tələb edib, 700 manat almışam.

Buna görə də, barəmdə DİN-nin BMCMİ-də Ar CM-nin 182.2.1-ci maddəsi ilə cinayət işi başlanmış, heç bir vasitə ilə istintaqa çağırılmadığım halda tutulmağım üçün axtarış qərarı çıxarılmış və mən 30 avqust 2014-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşam.

Mən, Tovuz rayon Qovlar qəsəbəsində yerləşən "Tatar” kafesi barədə zəruri məlumat əldə etmək məqsədi ilə saxlanıldığım Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında Azərbaycan Respublikasının Vergilər Naziriliyinə ərizə ilə müraciət etmişəm.

Vergilər Nazirliyi yanında Verfi Cinayətlərinin ibtidai araşdırılması departamenti 15 yanvar 2015-ci il tarixdə 159102000807500 nömrəli məktubla mənim ərizəmə cavab olaraq, 31.12.2013-cü ilə qədər tovuz rayon Qovlar qəsəbəsinsə "Tatar” kafesinin mövcud olmadığı və fəaliyyət göstərmədiyi, habelə belə bir obyektin Xankişiyeva Şəfiqə İsmayıl qızı adlı icarədarın olmadığı bildirilmişdir. Həmin məktub cinayət işi üzrə materiallara əlavə edilmişdir.

Mobil operatorlardan alınan telefon danışıqları məlumatlarında mənim Şəfiqə Xankişiyevaya zəng etmədiyim, yəni bizim aramızda heç bir halda telefon danışığının olmadığı müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilərək cinayət işi üzrə materiallara əlavə edilmişdir.

Cinayət işi üzrə ibtidai istintaq qərəzli, qeyri-obyektiv və kobud qanun qozuntuları ilə aparılmış, materiallar və sübutlar saxtalaşdırılmışdır. Bütün bunlar isə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq əməkdaşları tərəfindən qanunamüvafiq qaydada baxılmamış, daha doğrusu baş verənlərə məqsədli şəkildə göz yumulmuşdur.

Əslində mən jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyətim dövründə cəmiyyətdəki ictimai, siyasi, sosial durum haqqında müxtəlif araşdırmaların və tənqidi məqalələrin müəllifi olduğum, eləcə də insan haqlarını müdafiə tdiyim üçün sifariş və xüsusi tapşırıq əsasında DİN-nin BMCMİ tərəfindən qanunsuz həbs olunmuşam!!!

Hüquq və azadlığımın qanunsuz məhdudlaşdırılması, pozulmuş hüquqlarımın bərpası və digər hallarla bağlı dövlət orqanlarına çoxsaylı ərizə və şikayətlər göndərmişəm. Lakin mənim müraciətlərimin heç birinə qanunla müəyyən edilmiş vaxtda və qaydada baxılmamış, müvafiq tədbirlər həyata

keçirilməmişdir. Nəticə etibarı ilə mən etmədiyim cinayət əməlinə görə təqsirləndirilirəm!

Ərizə və şikayətlərimə qanunla müəyyən edilmiş vaxtda və qaydada baxılmadığı üçün mən Daxili İşlər Nazirliyinin Baş Prokurorluğun vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi, onların məsuliyyətə cəlb olunmaları tələbilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişəm.

Məhz buna görə də mənə müxtəlif formada ciddi təzyiqlər var və bundan sonra hər hansı bir təxribatın olacağı istisna deyildir.

Hazırda təqsirləndirilməyimə dair 141900302 saylı cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədovun icraatında baxılır.

Mən məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai istintaqın qərəzli, qeyri-obyektiv və kobud qanun pozuntuları ilə apardığım, materialların və sübutların saxtalaşdırıldığını proses iştirakçılarının nəzərinə çatdırdım və bu barədə məhkəməyə vəsatət verdim. Məhkəmə mənim vəsatətimə heç bir münasibət bildirmədi və prosesi qanunsuz olaraq davam etdirdi! Halbuki hakim kobud qanun pozuntularına görə cinayət işi üzrə icraata xitam verməli və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalı idi.

Cinayət işi üzrə təqsirləndirilən şəxs Asif Orucov məhkəmə istintaqında ifadə verərək bildirdi ki, etmədiyi cinayət əməlini etiraf etmək, habeləmənə qarşı və mənim əleyhimə ifadə və izahat almaq məqsədi ilə DİN-nin BMCMİ-nin əməkdaşlasrı onu döymüş və müxtəlif işgəncələr vermişdir. O, zərərçəkmiş şəxs Şəfiqə Xankişiyeva ilə üzləşmə protokolunda yazılanların BMCMİ-nin əməkdaşlarının sözləri olduğunu bildirdi.

Cinayət işi üzrə zərərçəkmiş şəxs Xankişiyeva Şəfiqə İsmayıl qızı istər istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində və üzləşmə protokollarında mənim hədə-qorxu ilə ondan 2000 manat pul tələb etdiyimi və aldığımı birbaşa heç kəsin görmədiyini, həmin vaxt yanımızda hər hansı bir başqa şəxsin olmadığını, yəni hansısa avtomobildə ikimiz olan zaman pulu mənə verdiyini bildirdi. Onun cinayət təqibini həyata keçirən orqana verdiyi məlumatları təsdiq edən heç bir mötəbər sübut və təkzibedilməz fakt yoxdur!!!

Bildirirəm ki, mən heç bir vaxt və heç bir halda Xankişiyeva Şəfiqə ismayıl qızından hədə-qorxu ilə pul tələb etməmişəm, almamışam və bu barədə hər hansı bir məlumatım yoxdur.

Mənim ondan hədə-qorxu ilə 2000 (iki min) manat pul tələb etdiyimi və aldığımı birbaşa görən şahid və digər hər hansı bir mötəbər sübut və dəlil yoxdur!!!

141900302 saylı cinayət işi üzrə bütün halların bilavasitə məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəməyə verdiyim vəsatətlərə qanunla müəyyən edilmiş vaxtda və qaydada baxılıb, nəticələri üzrə müvafiq qərar çıxarılmır.

Nəticədə mənim Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş və qorunan hüquqlarım məhdudlaşdırılır və pzulur!!!

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədov və dövlət ittihamçısı Anar Mirkişiyev dövlət orqanlarının rəhbər və vəzifəli şəxslərinin sifarişi və xüsusi tapşırığı əsasında cinayət işi üzrə materialları və sübutları ciddi cəhdlə saxtalaşdırmağa çalışırlar! Onlar bunun üçün öz vəzifə səlahiyyətlərindən aşkar surətdə sui-istifadə edirlər!

Yuxarıda qeyd olunanlara əsasən, mənim bu müraciətimi şəxsi nəzarətinizə götürməyinizi, cinayət işi üzrə materialların və sübutların tam, hərtərəfli və obyektiv araşdırılması və düzgün hüquqi qiymət verilməsi üçün müvafiq qaydada tapşırıq verməyinizi Sizdən xahiş edirəm”.
 
 JAM.AZ

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300