Zilhiccə – gözəl əməlləri sevdirən ay

 

Bismilləhir-Rahmənir-Rahim!

Rəhim və Rəhman Allah insanın ruhi naqislikdən qurtulması, mənəvi kamilliyə çatması üçün xüsusi vasitələr qərar vermişdir. Bunların arasında xüsusi məkanlar, xüsusi zamanlar, şəraitlər də vardır. Məsələn, insan müəyyən zamanlarda namaz qılır, oruc tutur – nəticədə çox özünəməxsus bir ruhi tərəqqi əldə etmiş olur. Şəfaət diləmə, təvəssül etmə, ziyarət, həcc – bunların hamısının çox böyük bir hikməti vardır.

Mübarək izdivacın tarixi

Zilhiccə ayı məhz belə məqamlarla kifayət qədər zəngindir. Elə ayın əvvəli – zilhiccənin 1-i mübarək bir tarixdir – hicrətin 2-ci ilində Həzrət Əli (ə) ilə Xanım Fatimənin (s.ə) izdivacı bu gündə baş vermişdir. Hamımızın qədrini bilməli olduğu bir gündür bu. Niyə?Çünki, həmin gün yaşayış tərzinin, ailə qurulmasının, ailə üzvlərinin bir-birinə münasibətinin, qarşılıqlı hörmətin dəqiq islami modelidir.

Bu günü qeyd etmək, bu günün duyğuları ilə yaşamaq çox önəmlidir. Çünki,insan bu günə müəyyən münasibət təzahür etdirdikdə istər-istəməz özünü, həyat tərzini, ailə münasibətlərini, həyat yoldaşına, uşaqlara qayğını bu ideala uyğunlaşdırmağa çalışır.

Yəni, əgər insan üçün ailə, insanlara münasibət, yaşayış tərzi, ümumilikdə dəyər baxımından Həzrət Əli (ə) ilə Xanım Fatimə (s.ə) simvoldursa, bir nümunədirsə, demək onların ailə qurduqları gün də bu insan üçün ələmətdar bir tarixdir. Özü də elə bir tarix ki, real tərəqqi üçün bir impuls rolunu oynamış olsun.

Bu gün oruc tutmaq – çox tövsiyə olunan əməllərdəndir. İslami mənbəyə görə, hətta ilk 9 günü tutulan oruca görə, Mütəal Allah insana bir ömür tutulan orucun savabın əta edir. Eləcə də bu 9 günün hər birinin özünəməxsus zikrləri vardır. Əslində bütün bunlar, insanın daima Allah dərgahında olmasının fərqinə varması üçün bir ilahi lütflərdir.

Zilhiccə ayının orucu

Zilhiccə ayının orucu ilə əlaqədar təkcə onu qeyd etmək kifayətdir ki, «Tərviyə günü» adlanan 8-ci günün orucunun 60 illik kəffarəni aradan aparmaq qədər fəziləti vardır. 9-cu günə – Ərəfə gününə keçən gecə, 170 ilin ibadətinin savabını verən, tövbələrin qəbul olunduğu, duaların müstəcab olduğu gecələrdəndir. Ərəfə gününün özünə gəldikdə isə, bu günün fəzilətləri o qədər böyükdür ki, hətta onu bayram kimi qeyd edirlər. Ərəfə günü ibadətə, itaətə dəvət, ruhun pərvazı günüdür, Allahın ehsan günü, iblisin xar, həqir olan, qovulan günüdür.

Ərəfə günündə İmam Hüseyni (ə) ziyarət edə bilən insan, 1000 həcc, 1000 ümrə, 1000 cihadın savabını apara bilər.Həmin gün tövsiyə olunan əməllərdən biri də əsr namazından sonra, "Ərəfə” duasını oxumazdan öncə 2 rükət namaz qılmaqdır ki, bunu qılan və günahlarını etiraf edərək məğfirət diləyən insan Ərəfat savabına malik olar və günahları bağışlanar.

Hər gün axşam çağı xüsusi bir namazın qılınması məsləhət bilinir.Şam və xiftən namazları arasında qılınan bu 2-rükətli namaz, hər rükətin "Fatihə” və "İxlas” surələrindən sonra Qurani-Kərimin "Əraf” surəsinin 142-ci ayəsinin tilavəti ilə səciyyələnir.İmam Sadiqdən (ə) nəql edilən mübarək hədisdə bildirilir ki, Zilhiccə ayının ilk ongünlüyündə bu namazı tərk etməyən insan, hacıların yerinə yetirdiyi həcc əməlinin savabına şərik olur.

Zilhiccə ayının ilk 9 günündə xeyir əməllər yerinə yetirməyin üstünlükləri barədə dinimizdə çoxlu tövsiyələr mövcuddur. Əlbətdə ki, insan bütün il boyu xeyir əməllərə can atmalıdır, lakin bu günlərdə gözəl əməllərin xüsusilə sevilməsi, insanı həmin əməllərə daha da həvəsləndirir, insan gözəl işlərə daha da sövq edilir.

Zilhiccə ayında ən əlamətdar tarix kimi,ayın 10-damüqəddəs Qurban bayramının – mənəvi həcc səfərinin şah zirvəsini simvolizə edən günün vəzilhiccə ayının 18-də Qədir-Xum bayramının– Həzrət Əlinin (ə) Allah Rəsulu Həzrət Muhəmmədin (s) canişini və vəsisi elan edilən günün qeyd edilməsi çox vacibdir. Qədir-Xum bayramı – dinin kamil surətdə qərar verilməsinin rəmzi olaraq çox əhəmiyyətlidir.

Zilhiccə ayının gündəlik duası

Zilhiccə ayının əhəmiyyətini tam surətdə açıqlamaq üçün dinimizin gözəl dua töhfələri vardır. İmam Cəfər Sadiqdən (ə) nəql edilən zilhiccə ayına aid gündəlik duaya diqqət yetirək. Bu duanın hər bir məqamı insanın kamilləşmə arzusuna sanki bir cavabdır.Öncə bu günlərin əhəmiyyətliliyi çatdırılır: «Allahım! Bu, bir günlərdir ki, Sən o biri günlərdən daha fəzilətli və daha şərəfli qərar vermisən».

«Sən Öz lütf və mərhəmətinlə, mənə bunu dərk etməyi nəsib etmisən» –bu, bir İlahi lütfdür ki, insan bu günlərin əhəmiyyətini anlayıb, onlardan bəhrələnə bilsin. «Bəs (onda) nazil et mənə bu günlərin bərəkətini. Və bu günlərə aid nemətlərdən mənə bolluca nəsib et!».

Sonra dua edən bəndə, çağırışını mübarək salamlarla bərəkətləndirir: «Allahım, Səndən istəyim budur ki, Həzrət Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə) salamı çatdırasan».

Sonra duada düzgün seçimdə yardım dilənir: «Allahım! Səndən istəyim budur ki, bu günlərdə hidayət yoluna, iffət yoluna, insanlardan ehtiyacsızlıq yoluna düşməyi mənə nəsib edəsən. Və o əməllərə yönəldəsən məni ki, bu əməllərə nisbətdə Səndə sevgi var və Sən bu əməllərdən razısan».

Duanın növbəti mərhələsində bəndə Rəbbinə tərəf öz gizli vücudi istəklərini yönəldir: «Allahım! Sən ey, bütün şikayətlərin yönəlik ünvanı! Ey, bütün daxili sirləri bilən və eşidən bir Kəs! Ey, bütün varlıqların Şahidi! Ey, bütün gizlinləri Bilən! Həqiqətən Səndən diləyirəm, Səndən istəyimiz budur ki, Peyğəmbər (s) və Əhli-Beytinə (ə) salam göndər və bütün bəlaları məndən bu günlərdə uzaq et! Və bu günlərdə mənim dualarımı müstəcab et! Bu günlərdə məni qüvvətləndir! Bu günlərdə o şeyləri mənə inayət göstər və tövfiq əta et ki, onları sevirsən, onlarda razılığın var! Sənə itaət etmək tövfiqini, Sənin Rəsuluna (s), Sənin Məsumlarına (ə), onların pak naiblərinə itaət etmək tofiqini istəyirəm Səndən, ey Allah!».

Dua edən mübarək günlərin xeyir-bərəkətinin ona hədiyyə olunmasını istəyir: «Allahım! Ey, rəhimlilərin Ən Rəhimlisi! Mən həqiqətən Səndən istəyirəm ki, Peyğəmbər (s) və onun Əhli-Beytinə (ə) salam göndər! Bu günlərdə mənə riza və təslim məqamını hədiyyə et! Sən həqiqətən duaları eşidənsən! Bu günlərdə asimandan nazil etdiyin xeyirlərdən məni məhrum etmə! Allahım, məni günahlardan pak qərar ver!».

Sonra yenə Allahın sevimli-seçilmiş bəndələrinə salam göndərməklə dua zinətləndirilir və vacib olan məsələlər istənilir: «Ey, qeybləri bilən! Mənə əbədi cənnəti vacib et! Salam göndər Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə)! Bu günlərdə məni o günahı etməyə nəsib etmə ki, onu bağışlamayacaqsan! Mənə o qəmi nəsib etmə ki, ondan nicat yoxdur! Mənə o borcu nəsib etmə ki, onu ödəyə bilməyim! Mənə o itkini nəsib etmə ki, onu geri qaytara bilməyim! Mənə o dünya və axirət ehtiyacını nəsib etmə ki, onlar yüngül və həll ediləsi olmasın! Həqiqətən, ey Allah, Sən hər bir şeyə qadirsən, hər bir şey Sənin hökmündədir»

Allahını tanıyan bəndənin müraciətidir bu: «Ey, gizlinləri bilən Allah! Ey, göz yaşı axıdanların rəhm edəni! Ey, duaları müstəcab edən! Ey, göylərin və yerlərin Rəbbi! Ey, o Kəs ki, səslər onun yanında səhv salınmaz! Salam göndər Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə)!

Səndən diləyirəm bu günlərdə məni oddan azad olunmuşlardan, cəhənnəm odundan xilas olunmuşlardan qərar verəsən! Və bizlərə bu günlərdə Sənin cənnətinə yiyələnməyi nəsib edəsən! Öz rəhmətinlə bizi nicat tapmışlardan qərar verəsən! Səni and verirəm rəhmətinə, ey rəhmətlilərin ən Rəhmətlisi! Allahın salamı olsun ağamız Muhəmməd Peyğəmbərə (s) və onun bütün Əhli-Beytinə (ə)!».

İmamlarımız (ə) bu dualar vasitəsilə bizə özümüzü tanımağı, Rəbbimizi tanımağı və Yaradana olan müraciətin mərifətini çatdırırlar.Mübarək Zilhiccə ayının digər gözəl əməlləri də vardır ki, dua kitablarında müfəssəl şəkildə zikr olunmuşdur. Allah Təala bütün insanları dua əhlindən qərar versin və yalnız Ona tapınanlar sırasına daxil etsin!

Dua vasitəsilə zilhiccə ilə tanışlıq

Yuxarıda göstərilmiş duanın zilhiccə ayını tanıma baxımından, maarifçilik nöqteyi-nəzərindən, sözsüz ki, misli-bərabəri yoxdur. Bu dua 9 gün, hər sübh namazından sonra və məğrib (şam) namazından əvvəl oxunur. Duanın mahiyyətində olan mənəvi yük o dərəcədə zəngindir ki, onun ayrı-ayrı məqamlarında xüsusi vurğular etməyə əlavə ehtiyac duyulur.

İlk öncə duadan bəlli olur ki, Rəbbimiz tərəfindən bu günlər – ilin digər günlərindən daha fəzilətli və daha şərafətli qərar verilmişdir. Müqəddimədə gələn bu anlam, bütövlükdə zilhiccə ayının ilk ongünlüyünün fövqəl əhəmiyyətini qavramağa yardım edir.

«Allahım! Öz lütfünlə və rəhmətinlə mənə bu günləri dərk etməyi nəsib etmisən»- deyə dua edir şükürlü bəndə.

Bəs nələri istəməli, nələri diləməlidir o insan ki, bu günlərin bərəkətini dərk etmişdir?«Elə isə bizə bu günlərin xüsusi bərəkətlərini nəsib et, İlahi»- deyə çağırır bəndə.

Bəs nədir bu ən böyük nemət?«Sənin salamın olsun İlahi, Həzrət Peyğəmbərə (s) və onun Əhli-Beytinə»- deyilir burada.

Bu salam – elə-belə salam deyil. Əvvəla, salamın cavabı vacibdir. Demək, Allah Rəsuluna (s) salam göndərən insan, mütləq o Həzrətdən (s) cavab almaq şərəfinə nail olacaq.

İkincisi, bu müqəddəs insanlara salam göndərmək, onların dəyərlərinə «bəli» demək, onların amalları ilə həmahəng olmaq deməkdir ki, bu, dua edən bəndəni gözləyən çox böyük, hətta misilsiz mənəvi bir sərvətdən xəbər verir.

Bəs nə var bu günlərdə ki, insan onlara can atmalıdır? Duada bizə öyrədilir: «Allahım! Bizlərə hidayət, iffət, insanlara ehtiyaclı olmamağı nəsib et. Bu yola bizi hidayət et! Bizə o əməlləri sevdir ki, onlarda Sənin razılığın var!».

Necə də gözəl müraciətlər var bu duada! Allah Təalanın kimliyi tanıdılır möminə.«Ey, bütün şikayətlərin Ünvanı, ey bütün gizli sirləri Eşidən! Ey, bütün varlıq aləminin Şahidi! Ey, bütün gizlinlərə Elmi Olan!»- deyə xitab edir Rəbbinə duanı oxuyan bəndə.

Yaradanına mərifətli surətdə, tanıyaraq xitab etdikdən sonra, bəndə yenə dua edir:«Bu günlərdə bizlərdən bəlanı dəf et, bizlərdən duaları qəbul et! Bizi bu günlərdə qüvvətləndir! Bizə yardımçı ol, imdad ver! Xüsusi tofiqatını nəsib et!».

Nədir bu günlərin xüsusi tofiqatı? Məhz riza məqamı – Allahın razılığı olduğu işlərə daxili məhəbbət və istək.«Allahım! Özünə, Peyğəmbərinə, vilayət sahiblərinə itaəti ki, vacib buyurmusan – bizə qismət et ki, bu vücudi itaəti, ardıcıllığı yerinə yetirə bilək!»- deyə diləyir müxlis bəndə.

Məhz burada var səadətin açarı – kamalın ardınca getmək durumuna sahib olmaqda.«Sən həqiqətən duaları eşidənsən! Bizlərə Sənin razılığın olduğun duruma gəlmək üçün mənəvi halət ver!»- təkrarən çağırır bəndə, - «Bizi bu günlərdə nazil etdiyin xeyirlərdən məhrum etmə! Bizi günahlardan pak et! Ey, qeybləri bilən Allah! Əbədi behişti bizə aid et bu günlərdə».

İmam Cəfər Sadiqdən (ə) gələn bu mübarək duanın davamında bəndə Allahdan istəyir ki, bağışlanmaz günah etməyə ona imkan verməsin, aradan aparılmayan qəmin gəlməsinə yol verməsin, ödənə bilinməyən borc ona yetişməsin. Dünya və axirətdə asudəlik və asanlıq istəyir bəndə Rəbbindən.

«Sən – yaşla dolu gözlərə mərhəmət edənsən, duaları cavablandıransan. Sən – yerlərin və göylərin Rəbbisən! Sən – hər kəsin səsini tanıyansan»- yenə də Allah Təalanın kimliyini tanıtdırır insana İmam (ə) dua vasitəsilə.«Bəs elə isə Peyğəmbər (ə) və Əhli-Beytinə (ə) salam göndər»- deyə münacat edir bəndə Rəbbinə.

Cəhənnəm atəşindən qurtuluş və azadlıq istəyir bəndə:«Bizi bu günlərdə oddan, cəhənnəm atəşindən azad olanlardan, cənnətə çatmışlardan və rəhmətinlə nicat tapmışlardan qərar ver, ey, mərhəmətlilərin Ən Mərhəmətlisi!».

Allahım! Sən Özün bu duada olan mübarəkliyi cəmi bəndələrinə şamil et!

Allahım, ümməti Həzrət Peyğəmbər (s) və Əhli-Beytinin (ə) yolunda sabitqədəm qərar ver!

Allahım, Öz Hüccətin olan 12-ci İmam Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) müqəddəs zühurunu təcili et! Amin!

 

Hacı İlqar İBRAHİMOĞLU

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300