"İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani də bizə dəstək verəcək” - Qafar Çaxmaqlı

 

"Deputat Əziz Ələkbərlinin "mən hökumət elan edirəm” deməklə təşkilat qurulmaz” deməsini yersiz, qısqanclıqdan qaynaqlanan bir ifadə hesab edirəm”

"Bundan sonrakı mərhələdə Təşəbbüs Qrupu Respublikanın Milli Şurasını, parlamentini formalaşdıracaq”

Mayın 10-da Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan olunub. Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkil etdiyi video-konfransdakı müzakirələrdən sonra elan edilən Təşəbbüs Qrupunun sədrliyinə ermənişünas alim, politoloq Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı seçilib. Q.Çaxmaqlı mövzu ilə bağlı Musavat.com-un suallarını cavablandırdı.

- Qafar bəy, əvvəlcə istərdim Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunması ideyası barədə oxucularımızı məlumatlandırasınız. Qarabağ münaqişəsinin davam etdiyyi dönəmdə vaxtaşırı bu məsələ gündəmə gətirilsə də, müzakirə mövzusu olsa da, reallaşmayıb. İndiki məqamda bu ideyanı irəli sürmək hansı zərurətdən irəli gəldi?

- Mühacirətdə Qərbİ Azərbaycan (İrəvan) Respublikası elan olunub. Bu ideya artıq 30 ilə yaxın bir müddət ərzində cəmiyyətin gündəmində olub. Ayrı - ayrı adlarla elan olunsa da, bir çox səbəblərdən ciddi şəkildə bu işi reallaşdıran olmayıb. Qərbi Azərbaycanla bağlı yaranan təşkilatlar da beynəlxalq miqyasda bir fəaliyyət göstərə bilməyiblər. İdeyanın indi reaallaşmasını gecikmiş hesab edənlərlə razıyam. Amma çox qəribədir ki, bunu söyləyənlər isə bu işlə "aktiv” məşğul olanlardır. İdeyanın indi gerçəkləşməsi üçün təşəbbüs göstərilməsinin bir səbəbi də ondan ibarətdir ki, Ermənistan deyilən ölkə bizim torpaqlarımızda özlərinə dövlət qurmaqları yetmir, bizim torpaqların hesabına 1918-ci ildə 9, 7 min kvadrat kilometrdən 29 min kvadrat kilometrə çatdırırlar, üstəlik, torpaqlarımızı işğal altında saxlamaqdadırlar.

- Yeri gəlmişkən, hətta Qarabağı işğal etdikdən sonra da, Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürürlər. Naxçıvanı istəyirlər, Gəncəyə iddia ortaya qoyurlar...

- Doğrudur.

- Belə olan halda biz isə öz tarixi torpaqlarımıza nədən iddia etməməliyik?

- Axı, İrəvan Azərbaycan türklərinə aid bir dövlət olub, həmin tarixdən bizi cəmi 200 il ayırır. 1918-ci ildə isə İrəvanı Ermənistana güzəşt etmişik.1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan Milli Şurasının iclasının 3 nömrəli protokoluna görə, Fətəli xan Xoyski Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair Erməni Milli Şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə edərkən bildirib ki, Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazımdır. İndi biz bu protokolun ləğv olunmasına çalışmalıyıq. Azərbaycanlıların bu ərazilərdən sonuncu nəfərinə qədər çıxarılması ilə bağlı sənədlər mövcuddur. Onlardan biri 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin qəbul etdiyi "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarıdır. SSRİ Nazirlər Soveti birinci qərarına 10 mart 1948-ci il tarxili 754 saylı qərarını əlavə etməyi lazım bildi. Yenə də Stalin tərəfindən imzalanmış həmin ikinci sənəd 23 dekabrda qəbul edilmiş qərarın gələcək inkişafını planlaşdırırdı və o, azərbaycanlıların köçürülməsi üzrə tədbirləri gücləndirdi. 23 dekabr 1947-ci il tarixli qərarın birinci hissəsində deyilirdi ki, 1948-1950-ci illər ərzində Ermənistan ərazisində yaşayan 100.000 azərbaycanlı kolxozçu və azərbaycanlı əhalinin digər nümayəndələri "könüllü surətdə” Azərbaycan SSR Kür-Araz ovalığına köçürülməlidir. Bildirilirdi ki, onlardan 10.000-i 1948-ci, 40.000-i 1949-cu, 50.000-i isə 1950-ci ildə köçürülməlidir. 1948-1953-cü illərdə Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası, II Dünya Müharibəsindən sonra Ermənistan ərazisində yaşayan azərbaycanlıların köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il dekabrın 18-də Sərəncamı da bu aktın qanunsuzluğunu araşdırmaq baxımından əhəmiyyətlidir. Sərəncamda 1948 - 1953-cü il deportasiyasını kompleks şəkildə öyrənmək vacib şərt sayılır. Deportasiyanın kompleks şəkildə öyrənilməsi, deportasiyanın ideya rəhbərlərini, təşkilatçılarını və həyata keçirilməsinin bütün məsuliyyətini aydınlaşdırılması baxımından əhəmiyyətli sənəddir. Bu sənəd də bizə imkan verir ki, bu torpaqlara sahiblik haqqımızı tələb edək. 1988-1989-cu illərdə 250 mindən artıq Azərbaycan türkünün bu torpaqlardan köç etdirilməsi də dövlət səviyyəsində həyata keçirilib. Bu da bu respublikanın elan olunmasına və bizə torpaqlarımıza geri dönmək haqqı tələb etməyə imkan verir.

- Mühacir hökumətin Təşəbbüs Qrupunda kimlər var?

- Təşəbbüs Qrupu əsasən, Qərbi Azərbaycan kökənli ziyalılardan ibarətdir. Əlbəttə, tarixçi alimlərimiz və ictimai xadimlər də arzu etdikləri təqdirdə bu qrupa daxil edilirlər. Başlanğıcda 15 nəfərlik Təşəbbüs Qrupuna üzvlərin qəbul edilməsini açıq qoyduq. Bir gün ərzində yüzlərlə adam bu işə yardım etmək, orada yer almaq fikrini bildirib.

- Amma konkret adlar açıqlamadınız...

- Çox adam var. Mən birinin adını deyib, o birilərini deməsəm, olmaz. Əgər israr edirsinizsə, bəzilərinin adlarını deyim: Cəmşid Dərələyəzli, Muxtar Oxçoğlu, Nigar Ögeday Rasim Comərt, Dilavər Əzimli, İradə Rzazadə, Tariyel Babayev, Yasəmən Qaraqoyunlu, Seyfəddin Altaylı, Bülənt Gürcan, Allahverdi Seyidov və başqaları. İrəvan xanının nəticəsi Əmir Əli Sərdari İrəvani də bizə dəstək verəcəyini açıqlayıb.

- Aldığınız ilkin reaksiyalar necədir?

- Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elanına reaksiyalar gözlənildiyindən də çox oldu. Dünyanın müxtəlif ölkələrindən dəstək mesajları almaqdayıq. İlkin reaksiya çox yaxşıdır. Amma qısqanclıqla qarşılayanlar da var. Bunlar uzun müddət bu məsələni manipulyasiya edən adamlar- "ermənistanlı” kvotası ilə vəzifə alıb xalqın üzərindən alver edənlərdir. Bir gündür elan olunub, onlar "hansı iş görülüb”- deyə, sual edirlər və bəri başdan bundan bir şey çıxmayacağı kimi mənasız fikirlər söyləyirlər. Halbuki mən həmin adamlardan xeyir-dua və dəstək gözləyirdim.

- Hər halda bu təşəbbüsü Türkiyədə elan etdiniz. Qardaş ölkədə münasibət necədir?

- Əslində bu respublikanın Türkiyədə ya bir başqa yerdə elan olunmasının elə də ciddi fərqi yoxdur. Türkiyə çoxdandır ki, ermənilərin bu ölkə ərazilərinə haqsız iddiaları ilə üz-üzədir. "Sürgündə Qərbi Ermənistan” adlı bir qurum çoxdan fəaliyyətdədir. Bu qurumun Milli Məclisi (101nəfər) seçilib, "Höküməti”, nazirləri-filan var, "baş naziri”, "prezidenti” var və onlar zaman-zaman Türkiyəyə qarşı təhdidedici bəyanlarda bulunurlar və "Qərbi Ermənistan” dedikləri ərazilərə dönmə proyektləri həyata keçirirlər. Hesab edirəm ki, bizim yaradacağımız hökümət önəmli ölçüdə bu təhdidlərin qarşısını alacaq.

- Deputat Əziz Ələkbərli deyib ki, "mən hökumət elan edirəm” deməklə təşkilat qurulmaz”. Bu kimi reaksiyalara sizin münasibətiniz necədir?

- Deputat Əziz Ələkbərlinin "mən hökumət elan edirəm” deməklə təşkilat qurulmaz” deməsini yersiz, qısqanclıqdan qaynaqlanan bir ifadə hesab edirəm. Halbuki elan olunmadan bir iki həftə öncə hazırladığımız bəyannaməni göndərib fikrini almaq istəmişəm. Amma ondan cavab gəlməyib. Mən çox da dərinə getmək istəmirəm. Digər Qərbi Azərbaycanla bağlı təşkilatların demək olar ki, hamısı bizim Təşəbbüs Qrupuna üzv qəbul olunmaqla bağlı müraciət ediblər. Onların bu addımı bizi sevindirir.

- Qafar bəy, bəs Azərbaycan hökumətinin, rəsmi Bakının reaksiyası barədə gözləntiləriniz necədir?

- Biz, bu günü də saysaq, iki gündür bunu elan etmişik. Hesab edirəm ki, dövlətimiz tərəfindən anlayışla qarşılanacaq. Bu, Dağlıq Qarabağ danışıqları prosesində də, Azərbaycanın əlini gücləndirəcək bir vasitə olacaq. Dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu torpaqlara, İrəvana, Göyçəyə, Zəngəzura və başqa ərazilərimizə dönməyimizlə bağlı bəyanatlar verib. Bu gün Qərbi Azərbaycanda buranın əsl sahibləri olan bizlər yaşamırıqsa, bu, heç də o demək deyil ki, biz doğma Vətənimizdən imtina etmişik. Bu, həm də o demək deyil ki, 50 il-100 il sonra burada Azərbaycan türkləri yaşamayacaqlar. Artıq ictimai və siyası ədəbiyyatda "Qərbi Azərbaycan” kimi bilinən bu ərazilər tarixi Azərbaycanın qərb hissəsidir, yüz minlərlə insan və onların övladları bu torpaqlara qayıdış ümidini itirməyiblər. Biz həm də o ümidlərə işıq tutacaq və müqəddəs ideyanın hər zaman gündəmdə saxlanmasına çalışacağıq. İrəvan xanlığı vaxtilə işğal edilmiş Azərbaycan ərazisidir. Bura 15 mahalı olan, bəlli sərhədləri, ordusu və bütün dövləti atributları olan bir dövlət idi. Onu Rusiya işğal edərək ermənilərə veriblər. Biz bu ədalətsizliyi bərpa edəcəyik.

- Mühacir hökumətilə bağlı məramınızı elan etmisiniz. Bəs, digər addımlar nə vaxt atılacaq?

- Bundan sonrakı mərhələdə Təşəbbüs Qrupu Respublikanın Milli Şurasını formalaşdıracaq. Bəyannamənin 4-cü bəndi belədir: Bu dövlətin Məclisi, Höküməti və digər idarəetmə orqanları seçilənədək idarəedici orqan müvəqqəti olaraq Qərbi Azərbaycan (İrəvan) Milli Şurasıdır. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövləti adından danışmaq, müqavilələr imzalamaq, qərarlar qəbul etmək Milli Şuranın müstəsna hüququdur. Daha sonrakı mərhələdə parlament seçkilərinə hazırlaşacağıq.

- Parlamenti necə seçəcəksiniz, bütün dünya üzrə?

- Bəli, bütün dünya ölkələri üzrə. Öncə Qərbi Azərbaycan kökənli əhalinin sayı müəyyənləşməlidir. Burada çox aydınlaşdırılası məsələlər var.

- Hazırda Ermənistanda 1921-ci ilə-Moskva müqaviləsinin 100 illiyin hazırlıq gedir. İddai olunur ki, müqavilə ləğv edilməli, hətta Naxçıvan onlara verilməlidir. Bu günlədə də iddia etdilər ki, Gəncə "Qərbi Ermənistanın ürəyidir”. Düşmən belə həyasızlıq nümayiş etdirir. Hesab etmək olarmı ki, sizin təşəbbüsünüz düşmənin saxta təbliğatına və iddialarına cavab vermək baxımından mühüm rol oynayacaq?

- Moskva müqaviləsi ilə bağlı ermənilərin müqavilənin ləğvi ilə bağlı tələbləri kampaniya xarakteri alıb və onlar gələn ilə qədər bu təbliğatı aparacaqlar. Mənim bununla bağlı ayrıca bir yazım var, Türkiyədə çap olunub.

Elşad Paşasoy,
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300