Vəziyyət italyancadır

 

O gün bir yaxın qohum zəng edib, uzun müddətdi onlara qonaq getmədiyimə sitəm edəndə anladım vəziyyətin faciəvi olduğunu. Cümlələr təxminən belə idi ki, bəs indi uşaqları götürüb onlara getməmək üçün nə bəhanəm varmış? Yəni, dövlət işə getməyimə icazə vermir, bu da qohumluq bağlarını zəiflədən mənim kimiləri qəflət yuxusundan oyandırıb, bir-birinin qapısını yağır etmək üçün fürsətmiş. Bəs mən maşına minib – maşının varsa virus sənə heç nə edə bilməz məntiqi də son günlər qulağımızı yağır edib– onlara getməli, hətta ordan da həmin qohumu götürüb, çoxdandır unutduğum başqa bir qohumgilə getməliymişəm. Bir də belə fürsət hardan ələ düşəcəkmiş...?

İnanın mübaliğə etmirəm. Bir neçə dəqiqəlik telefon danışığında yaşı 65-i haqlamış həmin xalaya izah edə bilmədim ki, bu dəqiqə sənin özünü ən çox virusdan qorumalı olduğun zamandır. Nəinki qonaq qəbul etmək, qapına kilid vurub, bayıra belə çıxmamalısan. İçi bizim qohum qarışıq, əksər azərbaycanlılara elə gəlir ki, bu günlər bizim üçün uzadılmış tətil-filandır. "Qızlarla yığışaq, ev partisi edək”, "Balaca qızın nişanı (oğlanın sünnəti) neçə vaxtdı qalıb, onu aradan çıxaraq”, "Ən yaxın rayon haradırsa, iki ailə bir maşına doluşaq, iki-üç gün orda qalaq”.... kimi təkliflərə görə az qala adamın qulağından qan gəlir. Elə bilirsən zarafat edirlər. Hərçənd ki, bu mövzu ilə zarafat etmək də anormallıqdır. İnsan öz canı ilə zarafat edərmi?

Hamının əlində qosqoca təsəllisi var: yaxın ətrafınızda bu virusa görə heç ölən olub, ya da yoluxan? Yoxdursa, virus yalan söhbətdi deyən "ağıllılar”ın sayı minlərlədir, xəbəriniz varmı? Əlinin altında internet olan hər kəs araşdırıb görür ki, dünya bu virusun əlindən bezar olub. İtaliyada insanlar gündə 100-100 ölürlər artıq. Yoluxmalar isə minləri ötüb. Nə edək, bizdə də insanlar 10-10 öləndə ayılacaqsız? İtaliya demiş, bu gün ordakı şəhərlərdən birinin bələdiyyə sədri az qala ağlayaraq camaata video müraciət etdi ki, evinizdə qaxılın, ay italyanlar. Müraciətin məzmunu ilə tanış olanda gördüm ki, elə italyanlar da bizim günümüzdəymiş. Bəhanə axtarırlar evlərdən özlərini bayıra atmağa.

O balkonlarda mahnı oxuyub, əylənən italyanlar istisna olmaqla, qalanları əyləncənin dibinə vurublar. Səhərlər qaçışa çıxan kim, evinə saç ustası çağıran kimi, balkonda manqal partisi edən kim...Bizdə də hansı ruh halı altında olduğu bilinməz, amma əksəriyyət özünü superman-falan hiss edir. Elə bilir, virus gələndə bir qolunu yuxarı qaldırıb, uçuş moduna keçəcək. Bu nə özgüvən yahu? Kim sizin toxunulmaz olduğunuzu deyib axı? Yaşlı-başlı adamlar parkların qapalı yerlərində nərd atırlar. 10 nəfərdən 2-sində maska olar, ya olmaz. Niyə maska taxmadığını soruşursan, dərhal fəlsəfi cavabı yapışdırır: Allah qoruyanda qoruyur, bala. Sonra da elmin dərin qatlarına baş vurur ki, bəs bu maskanı xəstəliyə tutulanlar taxmalıdır, sağlamlar yox, onsuz da maska qorumur. Nə gözəl İstanbul... ?!! Hamının öz canına, dolayısı ilə ailəsinin, qonşusunun, yaxın çevrəsinin canına bu qədər laqeyd yanaşması insanı sadəcə çilədən çıxarır. Anlada bilmirsən ki, kafelərə gedib lövbər salmayın. Nə saat 3-ə qədər, nə də başqa vaxt. Kafedə olan hər şey evinizdə tapıla bilər. Yoxdursa, mağazadan alın. Əylənmək istəyirsiz, kinoya baxın evdə, kitab oxuyun, sonra eyvana çıxıb hava alın və sair. "Demokrasidə" çarələr tükənmir axı.

Uzun illər ölkədə durumun yaxşı olmadığını bildirmək üçün "vəziyyət ruscadır” ifadəsini işlətmişik. Bu ifadənin yaranması ilə bağlı da bir neçə versiya var. Ən geniş yayılanı odur ki, Sovet dövründə mərkəzi televiziyalarda, radiolarda əhaliyə müraciətlər edilərdi. Əsasən də rusca. Bu zaman insanlar qorxuya düşərdi ki, əgər rusca müraciət olunursa, söhbət hansısa təhlükədən gedir, ya müharibə olacaq, ya aclıq, ya da... İndi bizim ölkədə də vəziyyət italyancadır. Düzdü, italyanca bilənimiz yoxdu. Amma ruhumuzla, əhvalımız və davranışlarımızla italyanlarla həmrəy olduğumuzu bildiririk sanki. Bunu əsla etməyək. Onlarla yarışmayaq. Çünki bunun koronavirus qurbanları kimi sərt sonucları ola bilər...

 

(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300