Mustafa Hacıbəyli Apellyasiya Məhkəməsinə şikayət edib

 

Müsavat Partiyası Divanının üzvü, "Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli Binəqədi Rayon Məhkəməsinin 24 dekabr qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

 

Novator.az-ın verdiyi məlumata görə, jurnalist Binəqədi məhkəməsinin qərarının ləğvini, məhkumluğunun götürülməsini istəyir.

 

Bakı Ağır Cinayətlər Məhkəməsi bu il fevralın 21-də Mustafa Hacıbəylini vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və dövlət əleyhinə çağırışlarda təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan şərti məhrum edib. Cəzanın 2 ili sınaq müddətidir.

 

Cinayət Məcəlləsinə görə, şərti məhkum edilmiş şəxs sınaq müddətinin azı yarısı keçdikdən sonra öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğvi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər.

 

Müsavat Partiyası 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində Mustafa Hacıbəylini 31 saylı Suraxanı seçki dairəsindən namizəd göstərib. Məhkumluğu olan şəxsin seçkiyə qatılması yasaqdır. Buna görə Mustafa Hacıbəyli Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məhkumluğunun götürülməsini istəyib.

 

Binəqədi Rayon İcra və Probasiya Şöbəsi məhkəmə sorğusuna cavabında qeyd edib ki, 2 illik sınaq müddətinin yarısı keçmədiyi üçün məhkumluğun götürülməsi barədə qərar qəbul edilə bilməz. Dövlət ittihamçısı da eyni arqumenti gətirərək məhkumluğun götürülməsinə qarşı çıxıb.

 

Dekabrın 24-də Binəqədi Rayon Məhkəməsi Mustafa Hacıbəylinin məhkumluğunu saxlamağa qərar verib.

 

1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Qarabağ müharibəsi əlilidir. İndiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. "525-ci qəzet”də, "Yeni Müsavat” qəzetində çalışıb, "Demokrat” qəzetinin baş redaktoru olub. "Basta” saytını 2015-ci ildə yaradıb.

 

Onun şərti həbs cəzası Gəncə işi ilə bağlıdır.

 

2018-ci il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq həmin il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələri Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlarda terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.

 

Açıqlamada "Basta” saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300