sitename

          Xəzərin Bakı sahilində kütümü yoxa çıxaran şok səbəblər

 

Balıqçılar bildirirlər ki, son illər ilk dəfədir dənizdə balıq qıtlığı yaşanır...

Son zamanlar Xəzər dənizinin Bakı ərazisinə düşən sahillərində balığın azaldığı bildirilir. Balıqçıların "Yeni Müsavat”a verdikləri məlumata görə, dənizdə kütüm (ziyad) balığı tapılmır. Balıqçılar bildirirlər ki, hər zaman Kür çayının Xəzər dənizinə töküldüyü ərazilərdə bol balıq olurdusa, bu il orada da balıq "ərşə” çəkilib. Onlar hesab edirlər ki, buna səbəb ilk olaraq havaların isti keçməsidir. Uzun müddətdir bu işlə məşğul olan şəxslər bildirirlər ki, havalar isti olduğu üçün həmin balıqlar Xəzərin dərinliklərinə və ya digər ölkələrin sahillərinə doğru yaxınlaşıblar.

Balıqçılar eyni zamanda hesab edirlər ki, kütümün yoxa çıxmasının başqa bir səbəbi dənizin həddindən artıq ekoloji çirklənməyə məruz qalmasıdır. Bunun nəticəsində peşəkar balıqçılar belə dənizdən balıq tuta bilmirlər. Balıqların Bakının sahilboyu ərazilərindən uzaqlaşmasının daha bir səbəbi kimi iddia olunur ki, müxtəlif neft kooperasiyaları dənizdə təcrübələr aparıb, süni partlayışlar həyata keçirirlər. Bu da balıqların sahildən uzaqlaşmasına səbəb olur. Belə ki, partlayış nəticəsində həm də dənizin suyunda çirklənmə yaranır və bu hal da balıqların suyun dərinliklərinə doğru getməsi ilə nəticələnir.

Yuxarıda da qeyd etdiyimiz kimi, bu il daha çox kütümün az olduğu bildirilir. Kütüm Azərbaycan bazarlarında ən çox satılan balıqlar sırasındadır. Balığın yalnız dənizdə yetişməsi də insanların onu daha çox almalarına vəsilə olan amildir. Çünki alıcılar hesab edirlər ki, göldə və ya çayda olan balıqlar süni formada yetişdirilir və yaxud da dəniz balığı qədər dadlı deyil.

Kütüm Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Sümüklü balıqdır.

Məlumat üçün onu da qeyd edək ki, Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılıb. Kütümün Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9-24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır. Kütüm yayda dənizin cənubi-qərb hissəsində Qızılağac və Ənzəli körfəzi boyu toplanır. Xəzərin şərq sahilində az, Atrek-Xəzər rayonunda, Türkmənbaşı körfəzi və Karşi buxtasında isə tez-tez rast gəlinir.

Kütüm Cənubi və Orta Xəzərdə qiymətli vətəgə əhəmiyyətli balıqdır. Bir sıra illərdə kütümün Xəzərdə illik ovu 7 min tona çatırdı. 1991-1998-ci illərdə Azərbaycanda ildə 3-10 ton kütüm ovlanıb. Artıq 10 ilə yaxındır ki, xüsusi qayda ilə tikilmiş inqubatoriyada kütüm kürüsü inkişaf etdirilir, hər il 50 milyon sürfə yetişdirilb Xəzər dənizinə buraxılır. Kütüm Mingəçevir su anbarına köçürülüb, orada cinsiyyətcə yetkinləşməsi tezləşib.

Balıqların yoxa çıxması ilə bağlı, yuxarıda da qeyd etdiyimiz kimi, həm Xəzərin çirkləndirilməsi, həm də brakonyerlərin fəaliyyəti rol oynayır. Məsələ ilə bağlı ölkədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən intensiv işlər aparılıb. Lakin buna baxmayaraq, yenə də qanunlara məhəl qoymayanlar mövcuddur.

Ötən həftə nazirliyin təşkil etdiyi mətbuat konfransında ETSN-in departament direktoru Mehman Axundov bildirib ki, su hövzələrində balıq ehtiyatlarının qorunması, artırılması, mühafizəsinin gücləndirilməsi və akvakulturanın inkişafı məqsədiillə dövlət qurumlarının və ictimaiyyətin birgə fəaliyyətinin təşkili, ictimai dəstəyin formalaşdırılması çox vacibdir:

"Xahiş edirik, brakonyerliklə üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına, Su Nəqliyyatında Polis İdarəsinə məlumat verilsin. Çünki balıq ehtiyatlarının daha da artırılmasına nail olmaq, onların mühafizəsini gücləndirmək üçün təkcə dövlət qurumları deyil, bütün ictimaiyyət bu işdə iştirak etməlidir. Sivil balıqçılıq qaydalarının təbliği və təşviqini gücləndirmək də brakonyerliyin qarşısının alınmasında bir vasitədir”.

Nazirliyin sözçüsü həmçinin qeyd edib ki, həvəskar balıq ovçuları üçün çoxlu sayda imkanlar yaradılıb, onlara müxtəlif hövzələrdə yerlər ayrılıb, eyni zamanda milli park ərazilərində imkanlar yaradılıb.

Ekoloqlar hesab edirlər ki, hazırda Xəzərin Azərbaycan hissəsində hansısa ciddi çirklənmə hadisəsi baş verməyib. Ekoloqların fikrincə, balıqlar bu səbəbdən o zaman uzaqlaşırlar ki, ciddi çirklənmə faktoru yaransın. Belə hal olmadığı üçün hesab edilir ki, balıqların uzaqlaşmasına səbəb daha çox iqlimlə bağlı amillər ola bilər. Ümumilikdə mütəxəssislərin fikrincə, Xəzərdə xüsusilə də kütüm balığının bu il az olmasının əsas səbəbi havanın normadan isti keçməsi və müxtəlif şirkətlərin geoloji kəşfiyyat məqsədilə apardıqları işlərdir...

Əli RAİS, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300