sitename

            Peyğəmbərimiz (s) bizdən hansı vəhdəti istəyir?

 

Bismilləhir-Rahmənir-Rahim!

Əziz Peyğəmbərimizin (s) mövlud həftəsini yaşayırıq. Bu dönəmdə ən əsas mövzulardan biri – Həzrət Rəsuli-Əkrəmin (s) ümmətinin vəhdəti məsələsidir. Və bu vəhdətin nədənliyi, necəliyi – gündəlikdə duran əsas müzakirə obyektləridir.

Rəhmətin mayası

Bəli, bəhsimiz cəmiyyətdə, xüsusən də Azərbaycan cəmiyyətində ən aktual mövzulardan və problemlərdən biri olan vəhdət barəsindədir. Tarix boyu insanlıq həmişə vəhdətin, cəm ola bilməmənin acısını yaşayıb. İnsanlıq vəhdətə gələ bilmədikdə mütləq orada ixtilaf, təfriqə qalib çıxır. Buna görə də vəhdət həmişə bəşərin ən aktual və mühüm mövzularından biri olmuşdur.

Təbii ki, vəhdətin ən gözəl tərifini, İlahi vəhyin sadiq nümayəndələri olan peyğəmbərlər (ə) və məsum İmamlar (ə) vermişdir. Ona görə də vəhdət barəsində əziz İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisə toxunmağın önəmi var. İslam Peyğəmbəri (s) buyurur: "Vəhdət, birlik – rəhmətin mayasıdır, təfriqə isə əzabın əsası".

Bu əziz və qiymətli, müqəddəs cümlələrdən bir neçə mühüm məsələ bizlər üçün aydın olur. Birinci məsələ budur ki, insanlar arasında vəhdət, birlik İlahi rəhmətə səbəb olar. Birlik, cəm olma – İlahi rəhmətin insanın üzərinə gəlməsinə səbəb olar. Və bunun əksi olan təfriqə, bölünmə, dağınıqlıq isə İlahi əzaba səbəb olar.

İxtilafı vəhdətin mayası etmək bacarığı

Tarix boyu İslamı istəməyən qüvvələr müsəlman toplumlarını birləşdirən bir çox məsələləri kənara qoyub, aralarında ixtilaf yaradan, təfriqə yaradan, parçalanma, nifaq yaradan məsələlərlə başlarını qatmalarına səbəb olublar. Daha dəqiq desək, İslam düşmənləri bu məsələdən ən yüksək dərəcədə istifadə ediblər. Həmişə bu barədə düşünüblər ki, "Necə edək ki, İslam ümməti daha da çox parçalansın, daha çox bir-birindən ayrılsın”.

Bu gün müsəlman dünyasının durumuna baxanda, təəssüf ki, buna müəyyən mənada nail olduqlarının şahidi oluruq. Belə ixtilaf yaradan məsələlər çoxdur. İslamı istəməyənlər, müsəlmanların vəhdətinə səbəb olmalı məsələlərdən çox yaxşı istifadə edib, əksinə, onlar arasında ixtilaf salmağı bacarıblar.

Belə zahirən ixtilaflı görünən məsələlərdən biri də əziz İslam Peyğəmbərinin (s) mövludu, dünyaya gəlişidir. İslam Peyğəmbərinin (s) mövludu müxtəlif rəvayət və mənbələrə görə fərqlənirdi. Buna görə də, İslam dünyasının bir hissəsi bir rəvayəti, digər hissəsi isə başqa bir rəvayəti üstün tutaraq, əziz İslam Peyğəmbərinin (s) mövlud bayramını fərqli vaxtlarda keçirdirdilər. Amma İslamın əzəmətli alimləri sayəsində bu cür fərqlərin aradan götürülməsi üçün neçə illərdir ki, gözəl bir ənənə yaranıb. Nəhəng İslam alimlərindən olan rəhmətlik İmam (r.ə), bir-birindən bir həftə fərqlə ayrılan bu iki tarix arasında olan günləri "Vəhdət həftəsi” kimi keçirmək ənənəsini qoydu.

Yəni Allahı bir, Quranı bir, Rəsulu (s) bir, qibləsi bir, Əlisi (ə) bir, Zəhrası (s.ə) bir olan ümmət, tarixi yazıların fərqinə görə parçalanmasın, əksinə, bu fərqlilik onların vəhdətinin səbəbi olsun. Qoy İslam ümməti bir gün yox, bir həftə Rəsulullah (s) mövludu keçirtsin. Qoy İslam ümməti bir həftə vəhdət, birlik, qardaşlıq, ittihad göstərərək, Xatəmul-Ənbiyanın (s) dünyaya gəlişini qeyd etsin.

Bu baxımdan şükürlər olsun ki, artıq neçə illərdir ki, hər kəs biri-birini bu günlərdə vəhdət həftəsi münasibətilə təbrik edir. Və bu ixtilaf doğuran məsələ, alimlərimizin səyi nəticəsində İslam ümmətinin vəhdət mayasına çevrilib və təbii ki, İslam düşmənlərini də məyus edib. Çox sevindirici bir haldır ki, hər kəs şövqlə bu vəhdət həftəsini qeyd edir, məxluqatın əşrəfi, peyğəmbərlərin xatəmi, dünyanın yaranma fəlsəfəsi olan əziz Rəsulallahın (s) mövluduna doğru hazırlaşır və bir həftə ərzində mövlud ab-havasında olur.

Peyğəmbərimizin (s) doğum günlərini əhatə edən vəhdət həftəsi müsəlmanları ayıldan bir həftədir. Yəni ey müsəlman, Tövhidinə qayıt, "Lə ilahə illəllah" şüarına qayıt, müasir bütlərin əsarətində olma, müasir əbu-ləhəblərin əsarətində olma, müasir əbu-süfyanların, müaviyələrin (lən) və yezidlərin (lən) qullarına çevrilmə.

Bu vəhdət həftəsi ayıldıcı bir həftədir ki, ey müsəlman, sən yadına sal ki, kimin ümmətisən... Sən büt sındıran bir Həzrət Muhəmmədin (s) ümmətisən. Əlilər (ə), Əbazərlər, Salmanlar yetişdirən bir insanın ümmətisən...

"Şeytan (lən), vəhdətlə uyuşmayan kəslədir”

Vəhdət barəsində İslam Peyğəmbəri (s) bir başqa yerdə buyurur:"Allahın əli(qüdrəti, nəzəri)vəhdət üzərindədir. Şeytan isə vəhdətlə, cəmlə uyuşmayan kəslədir”. Şeytan lənətlik vəhdətlə, cəmlə uyuşmayan bir şəxslə birlikdə gedir. Yəni birgə fəaliyyət göstərir. Görün necə bir nurani, əzəmətli Peyğəmbərimiz (s) var ki, müsəlmanlar onun mövludu olan həftəni vəhdət həftəsi kimi keçirirlər.

Amma Rəsulullah (s) özü əslində o vəhdəti canlı nümayiş etdirən bir şəxs olub. Çünki Allahın dediyini ən yaxşı surətdə məhz o, icra edirdi. Çünki Allah buyurur:"Mənim nəzərim – vəhdət və birlik üzərindədir. Şeytan lənətlik vəhdətdən qırılmışların tərəfindədir, onlarladır”. Buna görə də Peyğəmbərimiz (s) vəhdəti ən kamil şəkildə tətbiq edən idi, vəhdətin simvolu idi.

Hansı amallar ətrafında vəhdət?

Bu hədislərdən sonra bir sual meydana çıxır. Bir halda ki, vəhdət bu qədər mühümdür, önəmlidir, gözəldir, alidir – bəs o zaman kiminlə vəhdət etmək lazımdır? Hansı amallar ətrafında vəhdət etmək lazımdır? Yezidlə (lən) vəhdət edərək, İmam Hüseynin (ə) qanını tökməkdə vəhdətdirmi? Təbii ki, yox! Qorxaqlarla, ikiüzlülərlə, yaltaqlarla, məddahlarla birləşib, zülmü yaşatmaq – vəhdət deyir. Ona görə də Allah vəhdət adına spekulyasiya edən bu cür "vəhdətçilər”i qəti sevməz!

Allahın Rəsulu (s) bu sualın cavabını özü verir. Bir gün İslam Peyğəmbərinə (s) sual olunur ki, ümmət üçün birliyi, ittihadı simvolizə edən cəm və vəhdət hansıdır? Allah Rəsulu cavab verir:"On nəfər də olsalar belə, haqq üzərində olanların vəhdəti". Bu mübarək hədisdən bizim üçün iki mətləb aydınlığa qovuşur:birincisi budur ki, aydın olur ki, Allahın nəzəri olan vəhdət, Allahın bəyəndiyi, sevdiyi vəhdət, birlik o cəmdir ki, o birlikdir ki, haqq ətrafında birləşiblər, düzgünlük ətrafında birləşiblər.

İkinci mətləb isə bundan ibarətdir ki, Rəsulullah (s) burada haqla olanların keyfiyyətini qabardır, nəinki kəmiyyətini.Rəsulullah (s) məntiqində haqla olanların keyfiyyəti mühümdür, nəinki kəmiyyəti. Çünki hədisdə buyurulur ki, hətta on nəfər olsalar belə, haqq ətrafında cəm olanların vəhdəti – əsil vəhdətdir və İslam ümməti üçün nümunədir. Rəsulullah (s) buyurur ki, İslam nəzərində vəhdət, birlik, ittihad – sayla deyil, haqladır. Cəmin düzgünlüyünün meyarı sayla deyil, cəmin düzgünlüyünün meyarı – haqla olmasındadır.

Buradan aydın olur ki, yaltaqlarla, məddahlarla, ikiüzlülərlə, münafiqlərlə, yezidlərin (lən) mövqeyini möhkəmlədənlərlə bir yerdə olmaq nəinki pisdir, hətta belə birlik heç vəhdət və birlik sayılmır. Buna görə də heç zaman Allahın nəzəri o cəmin, bir yerə yığılmanın üzərində ola bilməz.

Digər tərəfdən haqq ətrafında yığılanların, ədalət, düzgünlük ətrafında yığışanların, tövhidpərəstlərin vəhdəti, "Lə iləhə illəllah" deyənlərin vəhdəti, Allahdan başqa heç kimin qarşısında əyilməyənlərin vəhdəti, yalnız Allahdan diləyən və yalnız Allaha ibadət edənlərin vəhdəti, yalnız Allah dostları ilə olanların vəhdəti – təbii ki, mübarək bir vəhdətdir, bəyənilən və Allah sevən bir vəhdətdir.

Vəhdətin niyyəti haqqa görə, haqq uğrunda olmalıdır

Günümüzdə ən çox işlənən söz - istər İslami dairələrdə, istər qeyri-İslami dairələrdə - vəhdətdir. Amma buna nail oluna bilinmir. Bu, açıq bir həqiqətdir ki, 124000 peyğəmbərin hamısı bir yerə yığılsa, aralarında balaca bir ixtilaf da əmələ gəlməz. Niyə? Çünki haqq deyənlərdir, haqq ətrafındadırlar, haqqı yaşadanlardırlar. Onların arasında ixtilaf çıxmaz.

Bunun gözəl izahını İmam Əli (ə) öz kəlamında verir:"Əgər nadan sükutu seçsə idi, insanlar ixtilafa düçar olmazdılar”. İnsanların ixtilafı nadanlıqları üzündəndir. Əgər nadan susub, danışmasa, əlbəttə insanlar arasında ixtilaflar da olmaz. 124000 peyğəmbər də buna görə aralarında heç bir ixtilaf olmadan keçinə bilərdilər, çünki onların hər biri bəşərin ən alisidir.Niyə vəhdət sözü çox işlənir, amma həyata keçmir? Çünki vəhdət niyyətlərdən başlamalıdır. Vəhdətin niyyəti haqqa görə, haqq uğrunda olmalıdır. Vəhdətin niyyəti zalımın zülmünü möhkəmləndirmək deyil, beş günlük bu cılız dünyanın əsarətində qalmağımızın xidmətində durmasında deyil. Vəhdətin məqsədi, məramı, amalı – haqqı yaşatmaqdadır.

Vəhdət simvollarına layiqli qiymət vəhdətə səbəb olar

İnsanlar arasında vəhdət ənənələri ona görə zəif inkişaf edib ki, insanlar vəhdət simvollarına, nümunələrinə layiqli qiymət verə bilməmişlər. Çox təəssüf ki, xalqımız da bu baxımdan istisna xalqlardan deyil. Məsələn, Azərbaycanımızda əksəriyyətin vəhdət carçısı olan Həzrət Muhəmməd peyğəmbərin (s) ümməti olmasına, əksəriyyətin müsəlman olmasına baxmayaraq, əziz Peyğəmbərinin (s) mövludu rəsmi olaraq keçirilmir. Bu, bizim vəhdət simvolu olan Peyğəmbərimizə (s) layiqli qiymət verə bilməməyimizdən qaynaqlanır.

Məhz elə bu da xalqın vəhdət, ittihad bayrağı altında toparlana bilməməsinə, Qarabağ kimi dərdimizin, problemimizin həll olunmamasına səbəb olub. Buna görə də hər kəs bəşəriyyətin vəhdət carçısı olan Peyğəmbərimizin (s) mövlud günü olan zaman tədbirlər təşkil etməlidir, tanıdığı, tanımadığı insanları ən azı zəng edib, "Səni təbrik edirəm, ey müsəlman, bu gün Peyğəmbərinin (s) mövlud günüdür" deməlidir. Bunu ənənə halına salmaq lazımdır.

Zəmanə Sahibinin (ə.f) intizarı – Peyğəmbəri (s) müdafiə etməkdir

Sonda təbərrük üçün İmam Sadiqdən (ə) nəql olunan hədisi qeyd etmək yerinə düşər: İmam (ə) buyurur:"12-ci İmamın (ə.f) intizarında olan kəs, Rəsulallahın (s) müdafiəsi üçün onun qarşısında qılınc çəkib, onu müdafiə edən şəxs kimidir”. Çox incə bir hədisdir. Qeybəti-kubra dövrünün əziz müsəlmanları, 12-ci İmamın (ə.f) zühurunu gözləyən, intizar fəlsəfəsi ilə yaşayan əziz müsəlmanlar, diqqətli olmalıyıq. Bizim bu intizarımız əgər keyfiyyətli intizar olsa, o qədər qiymətlidir ki, hədisdə Rəsulallahın (s) difası üçün qılınc çəkib, onun mübarək vücudunu qorumağa bərabər tutulur.

Unutmamaq lazımdır ki, gələcək haqladır, gələcək ədalətlədir, gələcək həqiqi Allah sevərlərin, Allaha inanclı olanların qələbəsi ilədir. Bu, Qurani-Kərimin verdiyi müjdədir. Gələcək mütləq və mütləq "Lə iləhə illəllah" əhli ilədir. Amma bizlər bu dövrümüzün imtahanlarından çıxa da bilərik, çıxmaya da bilərik. Ola bilər ki, İmamın (ə.f) zühurunu tezləşdirənlərdən olaq, ola da bilər heç hələ imtahanlarını verməyən kəslərdən olaq. Hər şey bizim özümüzdən asılıdır, iradə və əzmimizdən asılıdır.

Allahım, insanlara həqiqi vəhdət nəsib et!

Allahım, bizim cəmləşmələrimizi, bir yerə toplaşmaqlarımızı Öz rəhmətinlə rövnəqləndir. Bizim vəhdətimizi Sənin rəhmətinin mayası olan rəhmətlərdən qərar ver!

Allahım, insanlara "Lə iləhə illəllah" bayrağı altında birləşməyi nəsib et!

Allahım, insanlara hüquqları uğrunda sona qədər mübarizə aparmaq mədəniyyətini, əzmini nəsib et!

Allahım, xalqımızın öz iradəsi ilə öz azadlığına çatmasını nəsib et!

Allahım, xalqımıza azad, firavan həyat nəsib et! Amin!


 

 Hacı İlqar İBRAHİMOĞLU, deyerler.org

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300