sitename

           Ölümlə əylənənlərin meydanı:Bakı Sirkində nələr gördük- reportaj

 

Əməkdaşımız təmirə ehtiyacı olan və köçürülməsi gözlənən Bakı Dövlət Sirkində eşidib-öyrəndiklərini yazır...

...Sehr, gülüş, illüziya, heyvanların rəngarəng şousu və ömrünü ölümün ağzına atmaq üçün tələsən jonqlyorlar... Əslində bura gəlməyə ehtiyac yoxuydu. Azərbaycanda bəzi siyasətçilər elə sirk nümayiş etdirirlər ki, tamaşa üçün Bakı Dövlət Sirkinə getməyə lüzum qalmır.

Sadəcə, noyabrın 2-dən etibarən Bakıya gələn truppanı uşaqlara göstərməmək günah olardı. Odur ki, ötən həftə sonu sirkə bilet alıb yollandıq.

Bilet 10-12 manat, içəri bərbad...

Sirkə giriş 10-12 manatdır. Biletləri kassadan da ala bilərsiniz, metronun "Neftçilər” stansiyası qarşısında dayanan bir maşında oturmuş satıcıdan da. Amma 5 yaşa qədər uşaqlara giriş pulsuzdur. Sirkə girər-girməz, uşaqları cəlb edən müxtəlif oyuncaqlardan, pop-korndan almamış içəri keçmək olmur.

İçəridə isə elə bil 30-cu illərin ab-havasına düşürsən - oturacaqlar köhnə, nimdaş, taxta qapılar adamın üstünə gəlir, sovet vaxtından bu yana heç nə dəyişməyib. Əsasən uşaqların sevimli yeri olan Bakı Dövlət Sirkinin bu bərbad vəziyyəti, şəraitsizliyi adamı itələyir.

Elə BDS-nin direktoru Vaqif Bağırzadə APA-ya müsahibəsində mənzərənin göz qabağında olduğunu etiraf etmişdi: "Bakı Dövlət Sirkinin binası 1967-ci ildə istifadəyə verilən zaman dövrü üçün çox unikal layihə olub. Hətta Böyük Moskva Dövlət Sirkinin binası bu layihə əsasında hazırlanıb. Lakin bina fiziki baxımdan artıq çox qocalıb. Binada əsaslı təmir aparmaq da çox çətindir. Çünki bütün infrastruktur yenilənməlidir, bərpa eləsən belə, müasir tələblərə cavab verə bilməz”.

Maşın saxlamağa yer yox, vəhşi heyvanlar isə...

Onun sözlərinə görə, sirkin ətrafında tamaşa başlayana qədər uşaqların əylənməsi və maşın saxlamaq üçün yer yoxdur: "Metroya yaxın, marşrutların intensiv işlədiyi yer deyil. Bura 1967-ci ildə tikiləndə Bakı sakit şəhər idi. Nə bu qədər əhali var idi, nə də bu qədər maşın. Son illərdə Bakı yenidən qurulub, gözəlləşib. Ona görə Mədəniyyət naziri Əbülfəs Qarayev də bu yaxında fikir bildirdi ki, artıq yeni bina tikilməlidir”.

O, yeni binanın yerinin müəyyənləşdiyini, mərkəzdə olacağını açıqlayıb, lakin ünvanı göstərməyib. Belə aydın olur ki, hazırkı sirkin binası söküləcək. Elə sirkdən çıxarkən ərazinin maşın bazarına çevrildiyini görmək kifayət edirdi ki, ünvanı dəyişdirməyə əsas olsun.

Sirkə gəlincə, içəridə istilik şəraiti təmin olunub, bir ara acınacaqlı halda olan tualeti abıra salınıb, təhlükəsizlik də normaldır. Xüsusilə vəhşi heyvanların çıxışı zamanı qoruyucu torlardan istifadə olunur. Hava nömrələri nümayişi zamanı isə çıxışdan qabaq kanatlar yoxlanılır.

Amma maraqlıdır ki, sirkdə heyvan saxlanılmır. Çoxları elə zənn edir ki, bura zoopark tiplidir. Sirkə isə heyvanlar tamaşa günü truppalar tərəfindən gətirilir. Onu da öyrənirik ki, Azərbaycanda sirk artisti yetişdirən təhsil ocağı yoxdur. Artistlərin övladları onların yolunu gedirlər. Xaricdən gələn truppa isə tamaşaçılara ayı, it, meymun, "Waterland” şousu göstərdi.

Sirkdə ölüm, parçalama, qorxu...

Sirkdə baş verən ağılasığmaz insan ölümləri də qan dondurur. 2003-cü il, yanvarın 7-də Bakı Dövlət sirkində 2 uşağın ölümü, 4 nəfərin isə yaralanması ilə nəticələnmiş faciəli hadisə baş vermişdi. Hadisəyə səbəb attraksion qurğusunun istismarı və istifadə olunmasında kobud qanun pozuculuğuna yol verilməsi olmuşdu və bir neçə nəfər həbs edilmişdi.

Amma tək bizim sirkdə faciələr olmayıb. 2015-ci ildə 24 yaşlı sirk artisti Anastasiya Maksimova atla şou zamanı yəhərdən yıxılsa da ayağı ipdən ilişib qalır. Hiddət və qorxu içərisində olan at sahibini bir neçə dəfə arenanın içərisində fırladır. Sonra isə tribunaya cumur. Bir neçə dəqiqədən sonra atı sakitləşdirməyə nail olurlar. 24 yaşı Nastya isə təcili yardım maşınında dünyasını dəyişir.

Bədbəxt hadisələrdən biri də 2004-cü ildə hamilə məşqçi Svetlana Sobenkonun başına gəlir. Əhilləşdirdiyi pələng ona hücum çəkir. Bədəninin müxtəlif yerlərindən zədə və dərin yaralar alan hamilə qadın körpəsini itirmək təhlükəsi ilə üz-üzə qalır. Doğum vaxtından tez baş verir, xoşbəxtlikdən körpə pələng kimi sağlam doğulur.

Dodon adlı ayı isə öncə Umar Zakirov adlı sirk ustasını parçalayıb yeyir, sonra isə digər məşqçilərə hücum çəkir.

Hələ bu harasıdır?! Sovet dövrünün məşhur sirk klounu İrina Asmus 1986-cı ildə 12 metr məsafədən yıxılaraq səhnədə manejdə dünyasını dəyişir. Amma ötən il ABŞ-ın Nyu-Cersi ştatında vəhşi heyvanların sirkdə istifadəsi qadağan olunub.

Sirkin vətəni və atası kim olub?

Qeyd edək ki, sirkin kökü antik Romadan başlayır, atası isə ingilis Filip Astli sayılır. Azərbaycanda milli sirk sənətinin tarixi çox qədimdir. Hələ qədim zamanlardan "Çövkən”, "Zorxana” kimi milli xalq oyunların təşkil edilib. Kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc jonqlyorluğunun elementləri mövcud olub.

İlk peşəkar sirk - heyvanxana isə Azərbaycanda XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilib. Taxtadan tikilmiş həmin sirk binası az sonra yanır. 1905-ci ildə yeni, şəhərin başqa ərazisində sirk binası tikilərək istifadəyə verilib.

Dünyada ilk sirk - amfiteatr 1780-ci ildə Londonda yaradılıb. 1807-ci ildə Antonio Frankoni Parisdə yeni bina inşa etdirir və onu Olimpiya sirki adlandırır. Rusiyada ilk stasionar sirk 1827-ci il dekabrın 11-də Peterburqda açılıb.

Emil SALAMOĞLU, musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300