sitename

                        Neft bazarı çalxalanır

 

Hasilat azaldılmasa, neft ucuzlaşa bilər

Dünya neft bazarı qiymətlərin psixoloji sayılan 60 dollar həddindən aşağı düşmək ərəfəsinə daxil olub. İyunun 12-də bir çox müqavilələr üzrə qiymətlər 60 dollardan aşağı düşüb. Bu şəraitdə nəzərlər OPEK və OPEK+ ölkələrinin hasilatla bağlı mövqeyinə yönəlib. Bu mövqeyin isə iyunun sonu, yaxud iyulun əvvəlində keçirilməsi nəzərdə tutulan toplantıda aydınlaşacağı gözlənilir.

Analitiklər hesab edirlər ki, OPEK+ çərçivəsində hasilatın azaldılmasına dair qərarın qüvvədə olma müddətinin uzadılmaması dünya bazarında neft qiymətlərinin kəskin şəkildə ucuzlaşmasına səbəb ola bilər. Hətta bir sıra Rusiya rəsmiləri qiymətlərin 30 dollara qədər düşməsini də real sayırlar.

Dünən OPEK+ çərçivəsindəki razılaşma barədə danışan Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl Əl-Məzuri "Bloomberg”ə bildirib ki, formata daxil olan ölkələrin rəhbərləri arasında hasilatın azaldılmasına dair mövqelərin razılaşdırılması prosesi başa çatmaq üzrədir:"Hazırda müşahidə etdiyimiz bazar şərtləri şəraitində hasilatın azaldılmasına dair qərarın verilməsinə hansısa maneələr yaranacağını düşünmürəm”. Nazirin sözlərinə görə, ABŞ-dakı neft ehtiyatlarının indiki səviyyəsini nəzərə aldıqda, OPEK+ çərçivəsində razılaşmanın əldə olunması çətin olmayacaq.

Əl-Məzuri onu da bildirib ki, növbəti il üçün neftə tələbatın kəskin dəyişəcəyini gözləmir və ümid edir ki, ABŞ və Çin arasında ticarət mübahisələri üzrə razılıq əldə olunsun:"Ticarət münasibətlərindəki ziddiyyətlər tələbi bir qədər azalda bilər, lakin onun kəskin enməsinə səbəb ola bilməz”.

Ä°lham à žaban ile ilgili görsel sonucu

 

Neft sahəsi üzrə mütəxəssis, "Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, ABŞ-ın bütün təzyiqlərinə rəğmən, OPEK+ çərçivəsində hasilatın azaldılmasına dair yeni qərarın alınması mümkün olacaq:"2016-cı ildən bəri dünya neft bazarında baş verənlər göstərdi ki, bu bazarda bir tənzimləyici kimi OPEK-in rolu həlledici olaraq qalır. Düzdür, indi iddialar çoxdur ki, OPEK artıq öz təsir imkanlarını itirib, dünya neft bazarında ABŞ-ın mövqeyi getdikcə güclənir və sair. Bu iddialara rəğmən, nəzərə almaq lazımdır ki, dünya neft hasilatının 40 faizdən çoxuna nəzarət edən bir qurumun təsir gücü kifayət qədər yüksəkdir. İstər OPEK-dən Səudiyyə Ərəbistanı olsun, istərsə də OPEK+-dan Rusiya olsun, bazara təsir etmək imkanındadırlar. Ona görə də OPEK və OPEK+ formatı hələ uzun müddət təsir imkanlarını saxlayacaq”.

ABŞ rəhbərliyinin dünya neft qiymətlərinin azaldılması məqsədilə OPEK-ə təzyiqləri nəticə verə bilərmi? Ekspert bildirir ki, hazırda ABŞ OPEK-i bazarda qiymətlərin tənzimlənməsini qadağan edəcək qanun qəbul etməklə hədələyir:"ABŞ-ın mövqeyi budur ki, niyə neft bazarında qiymətlər tənzimlənməlidir? Bazardırsa, bazar qanunları əsasında qiymətləri də bazardakı tələb və təklif müəyyənləşdirməlidir. Lakin bu iddiaya əsaslansaq, onda gərək dünya bazarında digər məhsullar üzrə qiymətləri tənzimləyən digər qurumların da fəaliyyəti dayandırıla. Elə sahələr var ki, onlarda qiymətlərin tənzimlənməsinə ciddi ehtiyac var. Bu tənzimlənmə bazarda kəskin sıçrayış və ucuzlaşmaların qarşısını almağa imkan verir. Nəzərə almaq lazımdır ki, qeyri-stabil, gah kəskin ucuzlaşma, gah da bahalaşmanın baş verdiyi bazar həm istehsalçı və ixracatçılar üçün, həm də istehlakçılar üçün ciddi problemlər yaradır. Bir müddət qiymət kəskin yüksəlir, istehsalçılar hasilatı artırırlar. Daha sonra bazarda təklif bolluğu nəticəsində qiymətlər ucuzlaşır, sahəyə investisiyalar azalır, son nəticədə təklifin azalması yenidən bahalaşmaya səbəb olur. Belə olduqda isə ölkələr iqtisadiyyatlarını proqnozlaşdıra bilmirlər, fasilələrlə böhranlara düşürlər. Yəni neft elə məhsuldur ki, onun bazarı mütləq tənzimlənməlidir. Belə bir tənzimləyici isə indiki şəraitdə OPEK-dir”.

İ.Şaban hesab edir ki, növbəti toplantıda OPEK və OPEK+ ölkələrinin hasilatın azaldılması müddətini uzatmaq barədə qərar alacaqları gözləniləndir.

Onu da qeyd edək ki, dünən dünya neft bazarında qiymətlərin bir neçə saat ərzində 60 dollardan 62 dollara qədər yüksəlməsi müşahidə olunub. Bunun əsas səbəbi Ərəb dənizində - Hörmüz boğazı yaxınlığında İranın ərazi sularında neft daşıyan iki supertankerə hücumun olmasıdır.

Raket atəşinə "Front Altair” adlı, mina partlayışına isə "Kokuka Courageous” adlı tanker məruz qalıb. Tankerlərdən birinin Yaponiyaya məxsus olduğu deyilir.

Ä°lgili resim

 

Politoloq Şahin Cəfərlinin sözlərinə görə, belə diversiya aktlarında bir neçə tərəf maraqlı ola bilər:"Birinci tərəf kimi İran görünür. Bu ölkə dəfələrlə bəyan etmişdi ki, ona qarşı neft embarqosu tətbiq olunduqdan sonra Hörmüz boğazını bağlayacaq, digər bölgə ölkələrinin də neft satmasına imkan verməyəcək. İkinci tərəf İranı zərbə altında qoymaq istəyənlərdir. Sirr deyil ki, Səudiyyə Ərəbistanı və İsrail ABŞ-ı İrana qarşı daha sərt addımlara, o cümlədən hərbi zərbələrə sövq etməkdə maraqlıdırlar (ABŞ-ın özünün də burada iştirakı mümkündür). Bu cür aktların baş verməsində maraqlı olan daha bir tərəf neftin qiymətinin yüksəlməsini istəyənlərdir. Başda Səudiyyə Ərəbistanı olmaqla, Rusiya, İran kimi büdcəsi neft gəlirlərindən asılı olan ölkələr maraqlıdır ki, neft ucuzlaşmasın. Dünən axşam neftin qiyməti 60 dollardan aşağı düşmüşdü, bu hadisədən sonra 62 dolları keçdi”.

Politoloq hesab edir ki, Ərəb dənizindəki 2 tankerə, ondan əvvəl Birləşmiş Ərəb Əmirlikləri sahillərində 4 gəmiyə olunan hücumlar daha çox üçüncü tərəfin - yəni neftin qiymətinin aşağı düşməsini istəməyənlərin fəaliyyətinin nəticəsinə bənzəyir.

Dünya SAKİT, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300