sitename

         Azərbaycanda "halal turizm” standartı olacaqmı...

 

Ekspert: "Azərbaycanda bu istiqamətdə iş aparılması müzakirə olunsa da, yarımçıq qalıb...”

Dünyada 1,6 milyard müsəlmanın yaşadığını nəzərə alsaq, "halal turizm” mövzusunun gündəmə gəlməsi heç də təsadüfi deyil. Artıq dünyanın bir çox ölkələrində, xüsusən də turizmi inkişaf etmiş müsəlman ölkələrində "halal” standartı altında fəaliyyət göstərən hotel və istirahət mərkəzləri var.

Belə ki, hazırda Ramazan bayramını geridə qoyan müsəlmanlar dincəlmək üçün məhz belə məkanlar axtarırlar. "Halal turizm”in payı çox olmasa da, buna tələbat getdikcə artır və çox böyük dinamika ilə inkişaf edən bir sahə hesab olunur. İslam Konfransı Təşkilatı ölkələri arasında ən çox səfər edən müsəlmanlar Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarıdır. Onlar üçün "halal” standartı altında fəaliyyət göstərən məkanların olması çox önəmlidir.

"Halal turizm” deyərkən əsasən ayrıca qapalı ibadət otaqlarının olması, spirtli içkilərin həmin məkanda qəti qadağan olunması, bütün verilən yeməklərin və ərzaqların halal olması nəzərdə tutulur. Həmçinin qadın və kişilər üçün ayrılmış hovuz, çimərlik və spa mərkəzlərinin olması da önəmli məsələdir. Hətta Türkiyədə "halal” xidmət göstərən hotellərdə qadınlar üçün ayrılmış hovuzlara nəinki kişilərin daxil olması, eləcə də kamera, telefon və sair görüntü qeydə alan cihazla daxil olmaq da qadağandır. Eləcə də kişilərə aid hissəyə qadınların daxil olmasına icazə verilmir. "MasterCard” şirkətinin və "Crescent Rating” agentliyinin proqnozuna görə, əgər 2000-ci ildə yalnız 25 milyon müsəlman səyahət edirdisə, bu rəqəmin 2026-cı ilə qədər 250 milyon olacağı gözlənilir.

Qeyd edək ki, dünya turizm xərclərinin 10 faizini müsəlman turistlər reallaşdırır. "Müsəlman Alış-veriş Turizmi İndeksi”nə görə, ötən il müsəlman turistlərin xərclədiyi vəsait 145 milyard dollardan yuxarı olub. Araşdırmalara görə, müsəlmanlar daha çox Dubay, Kuala-Lumpur, İstanbul və Antalyanı seçirlər. Dünyada 350 "halal hotel” var və bunlardan 160-ı Türkiyədə yerləşir.

Türkiyə hotelləri artıq bu istiqamətdə xeyli inkişaf edib. Məsələn, Türkiyədə ilk halal sertifikatlı hotel olan "Adenya”da qiymətlər hədsiz bahadır. Burada hotel otaqlarında, lüks suitlərdə dincəlməyə gələn müsəlmanları səccadə, təsbeh, qiblə istiqaməti, Qurani-Kərim və sairlə də təmin edirlər. Yeməklərin halal olması isə digər bir üstünlükdür. Həmçinin hovuzlar, spa mərkəzləri qadın və kişilərdə tamamilə ayrıdır, yalnız restoranlarda ailəvi yeməyə getmək olar. Qiymətlər isə digər hotellərlə müqayisədə daha bahadır. Belə ki, bu hotellərdə 2 böyük, bir uşaqdan ibarət ailənin bir gecəlik qonaqlaması 1500-3000 TL arasında başa gəlir ki, bu da manatla 450-900 manat deməkdir. Səbəb isə "halal turizm”in çox məhdud bir kəsimi əhatə etməsidir. Minlərlə potensial turistləri müsəlman qonaqlarına qurban verən hotel rəhbərliyi bunun əvəzini də maddiyyat olaraq geri götürməlidir. Çünki halal turizmə üz tutan kəsim digərləri ilə müqayisədə o qədər də kütləvi deyil.

Müzəffər Ağakərimov ile ilgili görsel sonucu

 

Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, "halal turizm” dünyada var, ən çox da qardaş Türkiyədə geniş yayılıb:""Halal turizm” bir çox müsəlman ölkələrində dini turizm kimi təbliğ olunur və turizmin bir növüdür. Bununla əlaqədar halal hotellər də inşa olunmalıdır. Orada namaz otaqları, qadınlar və kişilər üçün ayrı hovuzlar olmalıdır. "Halal turizm” dini qaydalara uyğunlaşmalıdır, orada təqdim olunan ərzaq məhsulları da halal olmalıdır. Azərbaycanda da bu istiqamətdə iş aparılması müzakirə olunsa da, Turizm Agentliyi yaradıldıqdan sonra yarımçıq qalıb. Ola bilər ki, gələcəkdə bu məsələyə qayıtsınlar, "halal turizm”ə aid standartlar işlənsin. Bu standartlar əsasında hotellər fəaliyyət göstərə bilər, hətta hazırda fəaliyyət göstərən hotellər də halal hotellər siyahısına keçə bilər. Lakin bu standartlar olmalıdır. "Halal turizm”lə məşğul olan turizm şirkəti və ya hotel hansı meyarlarla fəaliyyət göstərəcəyini bilməlidir”.

Ekspert onu da qeyd etdi ki, turizm növləri müxtəlif olduğu kimi, qiymətləri də fərqlidir:"Məsələn, biznes turizminin qiyməti ilə digərləri fərqlidir. Təbii ki, "halal turizm” standartı ilə fəaliyyət göstərən hotel beşulduzludursa, onun qiyməti çox baha olacaq. Eləcə də "halal turizm”in konkret meyarları olmalıdır və o standartlar əsasında bilmək olar ki, qiymətlər hansı həddə ola bilər. Biz "halal turizm”i olan ölkələrin standartlarını götürməliyik. Hələ ki bizdə o standartlar yoxdur. "Halal turizm” sertifikatı beynəlxalq bir sertifikatdır, beynəlxalq agentliklər tərəfindən verilir. Hotellər tikilərkən də bu tələblər əsasında qurulmalıdır. Ancaq "halal turizm” təkcə bahalı hotellərdən ibarət olmamalıdır. Orta qiymətlər də qoyulmalıdır ki, aşağı seqmentdən olan da orada qala bilsinlər. "Halal turizm” təkcə müsəlman ölkələrində deyil, həm də Avropa ölkələrində mövcuddur və müsəlman turistlər üçün nəzərdə tutulub. Bu hotellərdə müsəlmanların ibadətləri üçün də hər cür şərait yaradılıb”.

Nərgiz LİFTİYEVA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300