sitename

          Kiçik və orta sahibkarlığın problemləri və çıxış yolu

 

Agentlik: "Kiçik və orta biznesə hər cür dəstək verilir”; Natiq Cəfərli: "Kreditlərin bahalığı və məmur oliqarxiyası iqtisadi addımların effektini azaldır”

Bütün dünyada iqtisadiyyatın inkişaf lokomotivi olaraq kiçik və orta sahibkarlıq (KOS) qəbul edilir. KOS iqtisadi fəallığın, məşğulluğun təminatında, ən əsası isə orta təbəqənin formalaşmasında həlledici söz sahibi hesab olunur. Bu baxımdan, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı çoxdan zərurətə çevrilib.

Ölkə hökuməti bu sahədə inkişafa nail olmaq üçün müxtəlif addımlar atır. Prezidentin fərmanı ilə 2017-ci ildə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. Mikro, kiçik və orta biznesin (KOB) inkişafının dəstəklənməsi, ölkə iqtisadiyyatında kiçik və orta biznesin (KOB) rolunun artırılması, onların maraqlarının müdafiəsi, KOB-lara vahid məkan prinsipi ilə xidmətlərin göstərilməsi, dövlət və özəl qurumların bu sahədə fəaliyyətinin əlaqələndirilməsi qurumun başlıca fəaliyyət istiqamətləridir. Bir sözlə, Agentlik kiçik və orta biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində mövcud dövlət dəstəyi mexanizmləri və göstərdiyi xidmətlər çərçivəsində KOB-lara dəstək olur, dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynayır.

Kiçik və Orta Biznesin Ä°nkià Ÿafı Agentliyi ile ilgili görsel sonucu

 

Yeni Agentlik KOB üçün nə edir?

Agentlikdən "Yeni Müsavat”a verilən məlumata görə, artıq bir sıra dəstək mexanizmləri sahibkarların xidmətinə verilib, müxtəlif layihələr həyata keçirilib: "Hazırda ölkə üzrə yaradılmaqda olan ”Kiçik və Orta Biznesin Dostu", qısaca desək, "KOB Dostu” belə mexanizmlərdəndir. Hazırda ölkənin 12 rayon və şəhərində 14 "KOB Dostu” mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin göstərdiyi dəstək tədbirləri çərçivəsində sahibkarlara xidmət göstərir. KOB dostları fəaliyyət göstərdiyi yerlərdə mikro, kiçik və orta sahibkarlara onların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində dəstək olur. Ümumilikdə ölkənin 10 iqtisadi rayonu üzrə 60 "KOB Dostu”ndan ibarət şəbəkənin yaradılması nəzərdə tutulur".

KOB-lar üçün yeni dəstək mexanizmlərinin və modellərinin yaradılması ilə yanaşı, Agentliyin fəaliyyətinin digər istiqaməti müvafiq sahədə qanunvericilik aktlarının təkmilləşdirilməsi prosesində KOB maraqları baxımından çıxış etməkdir:"Bu sahədə Agentliyin təklifləri əsasında ”Kiçik və orta sahibkarlığın inkişafı haqqında" Qanun layihəsi, KOB-lara müxtəlif dəstək tədbirlərinin göstərilməsini nəzərdə tutan normativ hüquqi aktların layihələri hazırlanıb, Vergi Məcəlləsinə KOB-lar üçün bir sıra yeni güzəştləri nəzərdə tutan dəyişikliklər edilib. Sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarlarının təsdiq olunması, KOB-ların kommunal xidmətlərə qoşulma prosedurlarının sadələşdirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyə mütərəqqi dəyişikliklərin edilməsi də KOB sektorunun inkişafı istiqamətində atılmış önəmli addımlardandır".

Bundan əlavə, KOBİA müxtəlif sərgilərdə mikro və kiçik sahibkarların iştirakına dəstək olur. Eyni zamanda KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə proqramı” çərçivəsində sahibkar və menecerlər Almaniyaya təlim və istehsal müəssisələrində təcrübəyə göndərilir:"İndiyədək 402 sahibkar və menecer bu proqramdan faydalanıb. Növbəti qrup bu ilin iyun ayında Almaniyaya səfər edəcək”.

Agentlikdən bildirildiyinə görə, dövlət başçısının Agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərmanında KOB-ların inkişafı üçün bir sıra yeni mexanizmlərin formalaşdırılması nəzərdə tutulur:"Bunlardan biri də kiçik və orta biznes evlərinin (KOB evləri) və ”e-KOB evi" portalının yaradılmasıdır. KOB evlərində sahibkarlıq subyektləri öz bizneslərinin planlamasından başlayaraq biznesin idarə edilməsinin bütün mərhələlərində ehtiyac duyulan xidmətləri əldə edə biləcəklər. Burada biznesi planla, biznesə başla, biznesi inkişaf etdir kimi 5 biznes prosesi üzrə 30-dan çox dövlət qurumunun 100-dən artıq "G2B” (dövlət-biznes) və özəl qurumların 1000-dən artıq "B2B” (biznes-biznes) xidmətləri əlaqəli şəkildə təşkil olunacaqdır. KOB evlərində bank, sığorta, notariat, məsləhət, hüquqi yardım və sahibkarların biznes fəaliyyəti çərçivəsində ehtiyac duyduğu digər xidmətlər təklif ediləcəkdir. Hazırda Bakı şəhərində (Nərimanov rayonu) ilk KOB evinin yaradılması istiqamətində tədbirlər görülür. Həmçinin hazırda elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək "e-KOB evi” portalının yaradılması istiqamətində də müvafiq işlər aparılır".

Azərbaycanda hazırda mikro, kiçik və orta sahibkarlıq subyektləri dövlətin bir sıra dəstək mexanizmlərindən, o cümlədən güzəştli kreditlərdən istifadə edir. Bu kreditlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına verilir:"KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi və onların yüksək keyfiyyətli maliyyə xidmətləri ilə təmin edilməsi digər strateji inkişaf istiqamətləri ilə yanaşı, prioritetlərimiz sırasındadır. Agentlik bu istiqamətdə ən qabaqcıl beynəlxalq təcrübəni öyrənir. KOB subyektlərinin maliyyələşməsi ilə əlaqədar mövcud mexanizmlərin optimallaşdırılması, mövcud mexanizmlərə əlavə olaraq yeni və innovativ maliyyə mexanizmlərinin hazırlanması üzərində iş aparılır. Həmçinin hazırda əsas hədəflərdən biri KOB inkişaf fondlarının yaradılmasıdır. Bu fondların əsas məqsədi sahibkarların güzəştli maliyyə resurslarından istifadə imkanlarını genişləndirən təşəbbüslər gerçəkləşdirmək, startapların və KOB subyektlərinin maliyyə resurslarına (kreditlərə, investisiyalara, qrantlara) çıxış imkanlarının genişləndirilməsinə dəstək verməkdir. Yeri gəlmişkən, KOB subyektlərinin maliyyə resurslarına çıxışlarının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı nəzərdə tutulur. Bu məqsədlə müvafiq qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Niyyət Protokolu da imzalanıb”.

Həmçinin fəaliyyət göstərdiyi qısa müddət ərzində Agentlik mikro, kiçik və orta sahibkarlara informasiya, məsləhət, təlim-tədris, dövlət strukturları ilə əlaqələndirmə kimi istiqamətlərdə müxtəlif xidmətlər göstərib, dəstək tədbirləri həyata keçirib, sahibkarların hüquq və maraqlarının müdafiəsi istiqamətində zəruri işlər görüb.

İqtisadi addımlar idarəetmə islahatları ilə tamamlanmalıdır

Natiq Cəfərli ile ilgili görsel sonucu

 

İqtisadçı-ekspert Natiq Cəfərlinin "Yeni Müsavat”a bildirdiyinə görə, iqtisadi sahədə həyata keçirilən tədbirlərlə yanaşı, KOB-ların inkişafı üçün idarəetmədə addımlar atılmalıdır:"İdarəetmədə bir dəyişiklik olmadığına görə iqtisadiyyatda verilən qərarların effektivliyi aşağı olur. Bu gün kiçik və orta sahibkarlığa ən böyük maneələrdən biri yerli icra strukturlarının müdaxilələridir. Bu, kiçik və orta sahibkarlığın inkişafında əsas institutsional əngəllərdən biridir. Bu vəziyyətin aradan qaldırılması üçün əməli tədbirlər görülməli, ciddi cəzalandırma mexanizmləri tətbiq olunmalıdır. Qanunvericilik sahəsində isə vergi və gömrük qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var. Birinci növbədə, oyun qaydalarının tez-tez dəyişdirilməsi təcrübəsinə son qoyulmalıdır. Belə ki, son 3 ildə vergi qanunvericiliyinə 400-dən çox əlavə və dəyişiklik həyata keçirilib. Bu, kiçik və orta sahibkarların fəaliyyətinə ciddi çətinliklər yaradır. Hər yeni qaydaya adaptasiya olmaq xeyli vaxt aparır, eyni zamanda sahibkarlar uzunmüddətli dövr üçün öz bizneslərinin planlaşmasını apara bilmirlər”.

Ekspertin fikrincə, Azərbaycanda gömrük rüsumlarında konkretləşmə aparılmalıdır:"Gömrük rüsumları 0-15 faiz koridorunda dəyişir. Bu koridorun tamamilə qısaldılmasına, 1 və ya 2 pilləli rüsum tətbiqinə keçilməsinə ehtiyac var. İnstitutsional və iqtisadi problemlərdən biri də biznesin, xüsusilə də kiçik və orta sahibkarlığın uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanlarının məhdud olmasıdır. Bu gün Azərbaycanda kredit faizləri çox yüksəkdir. Eyni zamanda kredit şərtləri də ağırdır. Belə vəziyyətdə kiçik və orta sahibkarlar uzunmüddətli planlar qura bilmirlər. Kredit ən yaxşı halda 5 illiyə verilir, faizlər yüksək olur, nəticədə aylıq ödənişlər böyük məbləğlərdə ifadə olunur. Xüsusilə aqrar sektorda çalışan sahibkarların belə qısamüddətli və bahalı kreditlərlə hansısa biznes layihəsini həyata keçirməsi mümkün deyil. Məsələn, çayçılıqla məşğul olan iş adamı çay kollarını əkdiyi sahədən 5-6 ildən sonra məhsul götürə bildiyi halda, kredit ona ən çoxu 5 illiyə təklif olunur. Bu, əlbəttə ki, heç bir halda əlverişli sayıla bilməz. Bunun qarşısını almaq üçün kiçik və orta sahibkarların uzunmüddətli və daha aşağı faizli kreditlərə əlçatanlığı artırılmalıdır. Belə sahibkarlar üçün xüsusi kredit rejimləri tətbiq oluna bilər”.

Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı qarşısında duran əsas maneələrdən biri də inhisarçılıqdır:"İnhisarçılıq bu gün bütövlükdə ölkə iqtisadiyyatının inkişafı qarşısında ən böyük maneələrdən biridir. Məmurlarla biznesin çulğalaşması Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına mane olur. Müxtəlif sahələri nəzarətdə saxlayan oliqarxiya bazarlara kiçik və orta oyunçuların daxil olmasına imkan vermir. Azərbaycanda bununla bağlı nümunələr yüzlərlədir. Buna görə də məmurların biznesdən uzaqlaşdırılması lazımdır. Neçə illərdir biz bunu səsləndiririk. Məmurlar biznesdən qopmasa, ayrılmasa, iqtisadiyyatın istənilən sahəsində inkişaf mümkün olmayacaq”.

Dünya SAKİT, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300