sitename

         Həzrət Əyyubun ibrətamiz əhvalatı

 

Qurani-Kərimin dörd surəsində həzrət Əyyubun (ə) adı çəkilib.Əyyub peyğəmbər səbr və dözümdə nümunəvi peyğəmbərdir. Həzrət Əyyub haqqında Quranın təkcə bir surəsində soz açılsa da əslində, onun yaşadıqları müsibətlər, bəlalara düçar olan çox sayda insanlar üçün örnək sayıla bilər. Quran və dini ədəbiyyata əsaslanaraq tam qətiyyətlə demək olar ki, Allah taala ona çoxlu mal-dövlət, qüdrətli övladlar və sağlam bədən bəşx etmişdi. Onun, məhsuldar əkin sahələri və çox sayda mal-qarası var idi. Güzəranı yaxşı keçirdi. Allah onu sınamaq üçün o nemətləri onun əlindən aldı; əkin sahələri yararsız, mal-qarası tələf oldu və övladları da vəfat etdi. Özü isə ağır xəstəliklərlə üzləşdi. Bütün ağır günlərdə, daima Allaha şükür etdi və heç vaxt şikayət etmədi. Allahdan başqa heç kimə sığınmadı. Allahın izni olmadığı üçün, hətta Ondan bütün bu bəlaların çözümünü diləmədi. Sınaq və bəla dövrü bitdi. Bu müddət ərzində Əyyub, heyrətamiz səbr nümayiş etdirdi. Ona görə də Allah taala onun itirdiklərini - hətta ondan da çox ona qaytardı. Bundan əlavə onun yaşadıqları və hədsiz dözümünü başqalarına nümunə hesab etdi. "Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq”(1) Allah tərəfindən dua etməyə izinli olduğu vaxt acizanə bir qul kimi Allahdan bəlaların dəf olmasını istədi: "…Şeytandan mənə bəla və əzab toxunub…!”(2) Əlbəttə Şeytanın peyğəmbərlərin ruh və iradələrinə yol tapması mümkünsüzdür. Amma onlara fiziki aspektən təsir etməsi (müxtəlif bəlalara düçar etməsi) mümkündür.(3)

Allah onun istəyinin cavabında buyurdu: "Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və içiləcək sərin (sudur)!” (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün xəstəlikləri getdi). …Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.(4) Həzrət Əyyubun səbri müxtəlif müsibətlərə düçür olan insanlar üçün örnək ola bilər. Müxtəlif bəlalara düçür olan şəxs ilk baxışda həlli mümkünsüz olan işləri mümkünsüz saymamalıdır. Allahın qüdrətli olduğuna inanmalı hər zaman onun qeybibdən gələcək lütfkarlığına etiqad bəsləməlidir. Bəli, Allah insanı xəstəliklər və müsibətlərdən xilas edə bilər. Aqil insan "(Allahdan) başqa heç bir sığınacağın olmadığını bilməlidir. (Pənah yalnız Allahadır!)”.(5) Allah həzrət Yunusun zikrini qəbul etdiyi kimi həzrət Əyyubun duasını da qəbul etdi. Ona görə də Alah Quranda buyurur: "(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et!...”(6) Allahın bəndələri də bu yolu qorumalıdır. Yəni səbr etməli, Allahdan üz döndərməməli və duaların müstəcab olmağına inanmalıdır. Əyyub şəfa tapdıqdan sonra Allaha - " Sən rəhmlilərin ən rəhmlisisən!”- deyə müraciət etdi.(7) Çünki Onun mərhəməti hər şeyi ehtiva etmişdi.(8) Bu da Allahın bəndələri üçün örnək sayılır. Quran buyurur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…”(9)

Şübhəsiz hər bir insan dünyaya göz açandan bəri müxtəlif bəlalar və müsibətlərə düçar olur. Həm fərdi həm də ictimai həyatda müxtəlif çətinliklərlə üzləşir. Heç kəs bu sayılanlardan müstəsna deyil. Bu müsibətlər ölüm anına qədər davam edə bilər. Elə isə bu bəlaları yaradan amillər nədən ibarətdir? Bu məqalədə o bəlaları yaradan bəzi amilləridən söz açacağıq.

Müsibətlərin amilləri:

1-İlahi sınağın ehtivası genişdir. Hətta o sınaq, peyğəmbərləri də əhatə edə bilər. Bunun üçün Əyyubu misal çəkmək kifayətdir. İmam Sadiq (ə) buyurur: "Peyğəmbərlər adi insanlardan daha çox müsibətlərə düçar olur...”

Ümumiyyətlə bəndələri sınamaq Allahın yer üzərindəki ümumi qanunudur; "İnsanlar (möminlər) yalnız: "iman gətirdik” - deməklə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!) Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!”(10)

2- Quran buyurur: "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!) Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək, eləcə də naümid olmaq lazım deyil!) (11) Çətinliklər insanlarda olan istedadları üzə çıxarır. Nəticədə onlar müəyyən problemləri həll etməyə qadir olur.

3- Bütün həqiqi möminlərə səbr dərsi verən bəlalar, nəhayət Allah dərgahında "bəyənilmiş məqam”a nail olmağa zəmin yaradır. Dini mətnlərdə müsibətlərə dözümlülər üçün böyük əcr nəzərdə tutulub; "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə sınaqlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfinfən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!”.(12) Həmmam deyilən bir abid həzrət Əliyə (ə) dedi: Ey Əmirəl-möminin, pərhizkarların sifətlərini mənə elə vəsf et ki, onları görmüş kimi olum. Həzrət təqvalı şəxsləri yüzdən artıq sifətlə vəsf edir. O xüsusiyyətlərdən biri bu yazıda yer ala bilər: "Pərhizkarlar çətinlik zamanı başqalarının asayiş və rahatlıqda olduqları kimidirlər. ( Yəni ilahi təqdirə boyun əyərək Allahın istədiyinə razıdırlar və onlar üçün çətinliklə rahatlıq birdir)”.(13)

4- Hər hansı bir insan müsibətə düçar olduqda onun ətrafında olan insanların sədaqəti və vəfadarlığı da sınağa çəkilir. Əyyub peyğəmbər bütün mal-dövlətini və sağlamlığını itirdikdə dostları- hətta ailəsi də ondan üz döndərdilər. Dar günlər dostların tanınmasında çox önəmlidir.

5- Maddi həyatdakı dəyişikliklər insanın Allah sevgisinə əngəl yaratmamalıdır. Həqiqi mömin, Allahı nemətlərin bol olduğu vaxt sevir eyni halda müsibətlərə düçar olduqda imanı zərrə qədər azalmır.

6- Maddi imkanların əldən çıxması və bəlalarla üzləşmək Allahın bəndələrinə qarşı rəhimsizliyinə dəlalət etmir. Eləcə də problemsiz həyat Allahdan uzaq olmaq mənasını daşımır. Əgər insan vəzifə, övlad və mal-dövlət əsiri olmasa istənilən şəraitdə Allahın xüsusi bəndələrindən ola bilər.

7- Müsibətlər, insanları tövbə etməkdə və qəflət yuxusundan oyanmaqda böyük təsirə malikdir. Çətinliklərlə üzləşməyən insanlar Allahı və məadı unudur nəticədə böyük günahlara mürtəkib olurlar. Quran buyurur: "Səndən əvvəl də ümmətləri müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar”. "İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar...” "Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!”(14) Dünya əzabı dünyada baş verən bəlalar, müsibətlər, xəstəliklər və sair acı hadisələrdir.

8- Bəzi hadisələr günahkarların günahı ucbatındandır.Allah onları cəzalandırmaq üçün bu dünyada onları müxtəlif müsibətlərə düçür edir; " Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər”(15) İmam Sadiq (ə) buyurur: "Bəndənin günahları çoxaldıqda və o günahlara kəffarə olacaq əməli olmadıqda bu dünyada bağışlanması üçün Allah ona bəlalar göndərər.” (çünki axirət əzabı daha şiddətli və dözülməzdir)(16)

9- Çətinliklərə dözən insanın imanı daha möhkəmdir. ”…(Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik.”(17) Həzrət Əli (ə) müxtəlif çətinliklər görmüş insanı səhrada bitən ağaclara bənzədərək buyurur: "...Bilin ki, səhrada olan ağacın taxtası daha möphkəmdir. Amma (suyu çox olan bağlarda əkilmiş) yaşıl ağacların qabıqları daha nazikdir…”(18) Yəni çətinliklərlə mübarizə edib uğur qazanan insanın imanı güzəranı xoş keçən insanların imanından daha çox və möhkəmdir.

 

 

Qeydlər:

1-"Sad” surəsi, 43-cü ayə.

2- "Sad” surəsi, 41-ci ayə.

3- "Sireye peyambəran dər quran”, səh 75.

4- "Sad” surəsi, 42-44.

5- "Kəhf” surəsi, 27-ci ayə.

6- "Sad” surəsi, 41-ci ayə.

7- "Ənbiya” surəsi, 83-cü ayə.

8- "Əraf” surəsi, 156-cı ayə.

9- "Əraf” surəsi, 180-cı ayə.

10- "Ənkəbut” surəsi, 2-3.

11- "İnşirah” surəsi, 5-6.

12- "Bəqərə” surəsi, 155-157.

13- "Nəhcül-bəlağə” 160-cı xütbə.

14- "Ənam” -42; "Zümər” -8; "Səcdə” -21.

15- "Şura” surəsi, 30-cu ayə.

16- "Üsuli kafi”, c3, səh 44.

17- "Ənbiya” surəsi, 35-ci ayə.

18- "Nəhcül-bəlağə” 45-ci məktub.

 

 
İlahiyyatçı yazar-Şəhriyar ƏLİYEV

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300