sitename

        Kamran Əsədov: "Universitetlərimiz dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır...”

 

Dünyanın ən güclü 100 ali məktəbi - ilk yüzlüyə necə düşək?

Dünyanın ən yaxşı ali məktəblərinin 100-lüyündə Azərbaycan universitetlərindən heç birinin adı çəkilmir. Xarici mediada yayılan xəbərə görə, Harvard Universiteti dünyanın 100 ən yaxşı ali məktəblərinin siyahısında lider mövqeyini qoruyub saxlayır. 2019-cu ildə dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlində 74 ölkədən 820 ali məktəbin adı var. Qlobal reytinq cədvəli 2010-cu ildən dərc edilir.

Hər bir ali məktəb iyirmi ayrı parametr, o cümlədən təhsilin keyfiyyəti, beynəlmiləlçilik və maliyyə dayanıqlığı meyarları ilə qiymətləndirilir. Reytinq cədvəlinə ABŞ universitetləri liderlik edirlər. Ölkələr arasında ikinci yeri Rusiya tutur. Bu ölkənin 5 ali məktəbi ilk yüzlüyə daxil olub. Bəs görəsən, ali məktəblərimiz niyə 100-lüyə düşə bilmir?

Təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat”a açıqlamasında reytinqin müxtəlif kateqoriyalar üzrə aparıldığını dedi:"Misal üçün, İndoneziya Universiteti tərəfindən dünyanın ən ekoloji universitetlərinin beynəlxalq reytinqi (UI Green Metric Ranking of World Universities ) var. Bu reytinq tədqiqatın məqsədi akademik ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməkdir. Reytinq tərtib olunarkən universitet kampuslarının təbii mühitə münasibəti, enerjidən istifadə və onun iqlimə təsiri, kampus ərazisində kağızlardan istifadənin azaldılması siyasəti, su resurslarından rasional qaydada istifadə olunması, ali məktəb ərazisində nəqliyyatdan istifadə, ekoloji problemlər üzrə tədris kurslarının təşkili, ekoloji problemlərin öyrənilməsinə yönəlik tədqiqatçılıq fondlarının olması, ekoloji problemlərə dair dərc olunmuş elmi məqalələrin sayı və s. təhlil olunub. Beləliklə də dünyanın ekoloji cəhətdən ən təmiz universitetlərinin ilk onluğunda aşağıdakı ali məktəblər yer alıb: Wageningen University & Research ( Hollandiya), University of Nottingham ( Böyük Britaniya), University of California, Davis (ABŞ), University of Oxford (Böyük Britaniya), Nottingham Trent University (Böyük Britaniya), Umwelt-Campus Birkenfeld (Almaniya), University of Groningen(Hollandiya), Bangor University (Böyük Britaniya), University College Cork (İrlandiya), Connecticut University of Connecticut (ABŞ).

Dünyanın ən yaxşı ali təhsil müəssisələrinin siyahısında ölkəmizi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (453-cü yer) və Azərbaycan Dövlət İqtisad Universiteti (478-ci yer) təmsil edir. Bundan başqa, "QS Quacquarelli Symonds” şirkətinin hər il tərtib elədiyi 3000 təhsil məktəbinin reytinq cədvəli olur. Amma bu reytinqdə də ölkəmizin universitetləri yaxşı yerdə deyillər".

Ekspert hesab edir ki, Azərbaycanda ali məktəblərin əksəriyyəti müasir tədris metoduna qoyulan tələblər baxımından dünya standartlarından geri qalır:"Ən etibarlı reytinq Böyük Britaniyanın ”Times Higher Education" jurnalı və "Thomson Reuters” agentliyinin hazırladığı reytinqin hesab olunur. Bu agentliyin reytinqinin hazırlanması zamanı həmin universitetlərdə təhsilin qiyməti, internetə çıxış imkanları, müasir avadanlıqlarla təchiz olunma səviyyəsi və sair meyarlar əsas götürülür. Təəssüflər olsun ki, Azərbaycan universitetləri bu reytinqdə yoxdur. Azərbaycanda ali təhsilin bütövlükdə aşağı səviyyədə olması sirr deyil. Köhnə sovet tədris sistemi davam etdirilir. Ümumiyyətlə, Azərbaycanda professor, müəllim heyəti əsasən Boloniya sistemindən xəbərsizdir, bu sistemin mahiyyətini anlamır. Anlamadığından da onu təhrif olunmuş bir şəkildə tətbiq edir, hər zaman da əleyhinə təbliğat aparır. Ali məktəbi əla qiymətlərlə bitirən məzun işsiz gəzib dolaşır, onunla bərabər oxuyan və ondan çox zəif oxuyan tələbə müxtəlif yollarla yaxşı vəzifə tutur. Buna görə də Azərbaycanda təhsilə yalnız diploma sahib olmaq vasitəsi kimi baxırlar. Əlbəttə ki, istisnalar da var".

K.Əsədovun sözlərinə görə, universitetlərin yataqxanasının və kitabxanasının vəziyyəti də reytinqdə əsas rol oynayır:"Azərbaycanın təhsil oclaqlarında 165 minə yaxın tələbə təhsil alır. Hər il qəbul planı yerinin 40 minə yaxın olduğunu nəzərə alsaq, təəssüf ki, ali məktəblərin qəbul etdikləri tələbələri peşəkar kadr kimi hazırlaya bilmirlər. Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fəaliyyət göstərən 50-yə yaxın ali təhsil müəssisəsində sadalananlar yoxdur. Yataqxanası olan universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir”.

Ekspertin sözlərinə görə, digər səbəb universitetlərdə çalışan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namizədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları elmi sahələrin, elmi mövzuların dünya əhəmiyyətli olmamasıdır:"Çünki Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakter daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır. Başqa səbəb isə universitetə xarici tələbə axınının az olmasıdır. Təəssüf ki, bizim bəzi universitetlərin idarəçiliyi də aşağı səviyyədədir. Yəni bəzi universitetlərin rektoru təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir. Hətta bəzilərinin heç kitabxanası da yoxdur”.

Kamran Əsədov onu da diqqətə çatdırdı ki, əgər universitetlər dövlət büdcəsindən maliyyə almayıb öz şəxsi hesabına dolansa, gələcəkdə nüfuz qazana bilər:"Dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqin tərtib olunmasında bir neçə meyar - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır. Hesab edirəm ki, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır. Artıq dünya universitetləri özləri pul qazanır, böyük büdcəyə sahibdirlər. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalır. Ona görə də ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, müasir təhlili bilən, dünya təhlilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar”.

Nərgiz LİFTİYEVA, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300