sitename

          Dünyaya əsl liderliyin nə olduğunu göstərən qadınCasinda Ardern

 

Martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məsciddə 50 nəfərin ölümü, 50 nəfərin isə yaralanmasına səbəb olan silahlı hücum yaddaşlarda yalnız terror aktı və yaxud ağ irqçilik, islamafobiyanın geniş vüsət alması kimi müzakirə edilmədi.

Diqqətləri cəlb edən və dünya mediasının müzakirəsinə səbəb olan digər məqam baş nazir Casinda Ardernin ölkəni böhrandan çıxarmasından ziyadə, terror aktının əslində hədəf aldığı qütbləşmənin önünü ala bilməsi oldu.

Başqa sözlə desək, o, müsəlmanlar haqqında formalaşdırılan "terroristlər” mifinin dağıdılmasına başlanğıc vermiş oldu.

Təsadüfi deyil ki, dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook” – artıq ağ millətçilik və ekstremizmlə bağlı paylaşım və yayınların qadağan ediləcəyini hadisədən iki həftə sonra qəbul etdi.

Bundan əlavə, Ardern qadın lideri olaraq liderllikdə yer almış gender streotiplərini də silkələdi.

Yeni Musavat olaraq oxucularımız üçün maraqlı gələcəyini düşünərək dünya mediasına istinadən Yeni Zelandiyadakı terror aktı müzakirələrində digər faktoru – liderlik faktorunu qələmə aldıq.

38 yaşlı lider Casinda Ardern xalqına, terror qurbanlarına və onların ailələrinə verdiyi dəstək və aldığı qərarlarla hadisəyə olumlu istiqamət verməyə nail oldu. Dini baxışlarına görə ateist olan Ardernin baş örtüsü ilə ailələri ziyarət etməsi, onların kədərlərini bölüşməsi dünya müsəlman dövlətləri tərəfindən də rəğbətlə qarşılandı. Onun bu rəsmi Dubayın "Bürc-ül Xəlifə” otelinin önündə işıqlandırıldı. Dubay baş naziri Şeyx Məhəmməd Tvitter hesabından Ardernə səmimi empatiyası və dəstəyi üçün təşəkkür etdi və bildirdi ki, 1.5 milyon müsəlmanın (Dubayda yaşayan əhali nəzərdə tutulur) hörmətini qazanıb.

Qərb mediası "liderdən gözlənilən hərəkət budur” yazdı

"Onlar bizlərik”- Ardern tvitter hesabından münasibətini paylaşdı, "Onlar bizlərik” həştəqi ilə tvitter hesabından minlərlə istifadəçi dəstək göstərdi.

"Casinda Yeni Zelandiyanın ümidi oldu. O, şəfqətli, güclü və birləşdirici rol oynadı. Yeni Zelandiyalı olmağımdan bu qədər qürur duymamışdım.” – politoloq Alina Qanhukum "The Independent”-ə bildirib.

"New York Times” qəzetinin yazarı Maşa Gessen "Amerika Ardern kimi liderə layiqdir” başlığı ilə yazı dərc etdi və dünya liderlərini irqçiliyi pisləməyə çağırdı. Maşa Gessenə görə, Ardern terror aktından sonra bir xalqın necə davranması gərəkdiyi presedentini yaratdı.

Bütün dünya mediasının isə söylədiyi ortaq fikir bu idi: "Ardern bir çox dünya liderlərinin edə bilmədiyini etdi”.

O, ilk andaca hadisəni terror aktı olaraq tanıdı. Bütün dəfn mərasimini hökumətin qarşılayacağı və ailələrin dövlətin güvəncəsinə aldığı qərarını verdi. Onun digər diqqəti cəlb edən hərəkəti terroristin adını heç bir zaman çəkməyəcəyini parlamentdə çıxışı zamanı bildirməsi oldu.

"O, terroristdir. O, cinayətkardır. O, ekstremistdir. Lakin mən onun haqqında danışarkən o adsızdır.” – baş nazir bildirdi.

Bununla baş nazir terroristin hədəflədiyi şöhrəti qazanması və diqqətin onun üstündə olmasının qarşısını aldı.

Lakin bunlardan əlavə, Ardernin ən qətiyyətli davranışı dərhal silah qanununun dəyişdirilməsi ilə bağlı oldu.

Ölkədə yaranan böhranı idarə etmək qabiliyyəti Arderni ən sərt şəkildə tənqid edənlər tərəfindən də alqışlandı. "Əksəriyyət düşünürdü ki, onun sözləri sloqandan başqa bir şey deyil. Lakin bu səhv idi, onun böhranı idarə etməsi alqışlanmalıdır” – politoloq Bryus Eduard bildirib.

Trampa "müsəlmanları sevin” dedi

Ardern ABŞ prezidenti Donald Trampla müqayisə edildi. Trampın silah haqqında münasibəti ilə Ardernin münasibəti arasında fərq böyük idi. Onun Trampın dəstək təklifinə "müsəlmanları sevin” deyərək cavab verməsi də müzakirə edildi.

"Onun qərarları və hadisəyə münasibəti Trampla tərs mütənasibdir. Ona görə də o, Trampa qarşı duran lider simvoluna əksəriyyət tərəfindən çevrildi” – politiloq Eduard şərh verib.

Onun Trampa "müsəlmanları sevin” dəvəti və doğuracağı nəticə Kraystçörçdən daha uzağa gedərək ABŞ, Avropa, Hindistan, Myanma və Çindəki müsəlmanlara təsir edəcək gücdədir.

"Casinda Ardernin müsəlmanlarla həmrəyliyi norma olmalıdır, istisna deyil”- CNN yazarı Fərəh Əl-Şərif qeyd edib.

Yazara görə, əslində liderin nəyi etmək gərəkdiyini Ardern bütün dünyaya göstərdi və dünyada İslam və müsəlmanlara qarşı olan münasibəti dəyişdirməyə nail oldu. Yazar Casinda Ardernin baş örtüsü taxaraq hadisə yerini və ailələri ziyarət etməsinə diqqət edərək qeyd etdi ki, Ardern terror aktının seyrini dəyişdirərək günü müsəlmanlara rəğbətlə başlatdı.
Doğrudan da bütün dünya artıq terror aktını törədəndən deyil, terror qurbanlarından danışmağa başladı.
Əlbəttə ki, bəzilərinin fikrincə, Yeni Zelandiya kimi kiçik ölkədə bunu bacarmaq asan məsələdir.

O, dəfn mərasimində iki dəqiqəlik sükut zamanı çıxışını Məhəmməd peyğəmbərdən hədis gətirərək başladı və hər kəsi dua etməyə dəvət etdi. Bu, o zaman baş verdi ki, Avropada hicab, məscidlərin tikilməsi birmənalı qarşılanmır. Bütün ölkəsini ibadətə, duaya və müsəlman cəmiyyətinə dəvət etməsi islamafobiya və anti-müsəlman hərakatına qarşı simvola çevrildi. Əl-Şərif bu kimi jestləri dini azlıqlara qarşı liberal duruş kimi qeyd edir.

Çoxdan gözlənilən lider

"Forbes” jurnalı Harvard universitetinin professoru Erika Ariel Foksun Casinda Ardernin terror hadisəsindən sonra verdiyi qərarlara bağlı ayrı prizmadan analiz edən yazısını dərc edib. Ariel Foks Arderni "çoxdan gözlənilən lider” adlandırıb.

O bildirir ki, fəlakət baş verəndə gözlər liderlərə çevrilir və bu, bir liderin hazır olması gərəkən, öhdəsindən gəlməli olduğu vəzifədir. Foksa görə, Ardern liderliyin ehtiyac olduğu ən kritik məqamda dörd ünsürünü layiqincə göstərdi: əlaqə qurmaq, şəfqət, aydınlaşdırma, inandırma.

Əlaqə qurmaq özəlliyindən yazan Foks qeyd edib ki, Ardern terroristlərin insanların düşmənləri olduğunu bildirərək və onların əslində tanınmaq üçün əl atdığı yolu inkar edərək Yeni Zelandiyanın müxtəlif xalqların, qrupların birlikdə yaşadığı bir yer olduğunu bəyan etdi.

"Ardernin uğuru əsl liderin söyləməsi gərəkən yəni, "biz onlara qarşı” davranışından uzaq durması oldu” – Foks yazıb.

Foksa görə, hökumət başçısı olaraq xalqının fiziki təhlükəsizliyini təmin etmək vəzifəsindən ziyadə, əsas məsələnin insanların şəxsi narahatlığını ortadan qaldırmalı olması liderin vəzifəsidir. Ardern güclü durmağın gərəkliliyi düşüncəsi ilə eyni zamanda xalqının kədərini paylaşdı. O, əksər liderlərin etdiyi kimi "düşünənlər və dua edənlər” ayrı-seçkiliyinə yol vermədi. Foks bunları qeyd edərək bildirib ki, lider eyni zamanda şəfqətli olmalıdır.

Foks vurğulayıb ki, lider eyni zamanda böhran zamanı nə baş verdiyini xalqına açıqlamalıdır: "Ardern hadisəni terror aktı adlandırdı, lakin qütbləşmənin kəskin bir şəkildə üzə çıxmasına imkan vermək istəmədi”.

Foks qeyd edir ki, bu zaman qərarvericilər rəqib perspektivləri görməli və onları uyğun bir şəkildə yerləşdirməlidir. Bu baxımdan onun ilk hədəfi hərbi tipli hücum silahları və yarımavtomatik tüfənglərin qadağan olunması ilə bağlı qanunun qəbul edilməsinə nail olmaq oldu.

Foks qeyd edir ki, liderlik inandırıcı hərəkət etməyi də tələb edir. Belə faciələr baş verdikdə bir sıra müzakirələr aparılsa da, ortada real dəyişikliklər olmur. "Ardern 72 saat içərisində Kabinetini toplayaraq islahatlar prinsiplərini müəyyənləşdirməyi əmr elədi” – Foks qeyd edir.

Casinda Ardernin kədərli olduğunu gizlətməməsi, həssas davranması göstərdi ki, güclü və uğurlu olmaq üçün ənənəvi kişisayağı normalardan çıxış etmək lazım deyil. Əksinə, bunlardan qurtulmaq lazımdır.

Bu gender streotipinin dəyişməsindən yalnış qadın liderlər deyil, eyni zamanda kişi liderlər də faydalanacaq. Belə ki, bu bütünlükdə insan haqları üçün maneədir.

Foksun da qeyd etdiyi kimi, dünyaya baxdıqda görürük ki, hər kəs dağılıb. Liderlik burada nə kömək edə bilər? Qorxu və acı hər yeri bürüyüb. Qəzəbli, sınmış, dağılmış cəmiyyəti dirçəltmək üçün nə etmək lazımdır?

Keçən həftə Ardern göstərdi ki, insanlıq, səmimi empati, düşünülmüş hərəkət və qəti qərarlarla dünya birlikdə ola bilər. "Bu irəliyə doğru addımdır”- Foks yazır.

Aybəniz Hüseyn
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300