sitename

                  Çətinlik şəraitində davranış düsturu

 

Bismilləhir-Rahmənir-Rahim!

İslam tarixində baş verən müxtəlif hadisələrdə, Qurani-Kərimin də onlarla bağlı bizlərə verdiyi dərslərdə böyük ibrətlər və hikmətlər var. Bunlardan ən böyüklərindən biri də Ühüd döyüşü və ondan sonrakı vəziyyətlə bağlıdır.

Ühüd döyüşü və ondan sonrakı vəziyyəti anlamaq üçün Bədrdəki uğuru xatırlamaq lazımdır.

Arxayınlıq və rahatlaşmanın fəsadları

Təsəvvürümüzə gətirək ki, imanlı və nəcib bir müsəlman toplumudur. Məkkədən Mədinəyə hicrət edib. Mədinədə ümmət halında tam şəkildə formalaşır. Bundan sonrakı mərhələdə bu cəm, ilk döyüşünə çıxır - insanlar Bədrdə ən ali şəkildə imtahanlarını verirlər. Ühüd döyüşündə isə artıq bir arxayınlaşma və rahatlaşma meydana gəlir və acı nəticələr dərhal özünü göstərir.

Ühüddəki vəziyyət, psixoloji ovqat Bədrlə müqayisədə xeyli fərqlidir. Ühüddə bir qədər arxayınlıq, bir qədər qənimət fikirləşmə, Bədrdəki uğura əsaslanan bir rahatlaşma var. İndi təsəvvürümüzə gətirək ki, bu iki döyüşdən sonra bir vəziyyət meydana gəlir ki, Məkkə müşrikləri dayanmaq istəmirlər, növbəti dəfə toparlanıb, cəmləşib öz tərəflərindən mövzunu yekunlaşdırmaq istəyirlər. Artıq bir vəziyyətdir ki, Ühüddə bəlli nəticələrə çatıblar, düşünürlər ki, artıq vaxtdır və fürsətdir.

Qurani-Kərimdə Ühüddən sonrakı vəziyyətin təsviri

Qurani-Kərim bizə bu səhnəni belə çatdırır. "Ali-İmran” surəsinin 173-cü ayəsində buyurulur: "Həmin o kəslər (üçün) ki, camaat onlara "(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun" dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: "Bizə Allah kifayətdir və O, gözəl vəkildir”.

Allah Təala ayədə bizə çatdırır ki, zahirdə müsəlman olanlar, möminlərə bəyan edirlər ki, Məkkə müşrikləri toparlanıblar ki, sizinlə vuruşsun. Bunu deməkdə məqsədləri odur ki, möminləri qorxutsunlar. Ayənin ardında Allah Təala həmin möminlərin vəziyyətini bizlərə çatdırır. Bu şayiəni, psixoloji hücumu, təhlükə haqqında məlumatı eşidəndə möminlərin imanı artır və bəyan edirlər ki, Allah onlara kifayətdir və Allah ən gözəl vəkildir.

Müsəlmanlar öz yaşayışlarında müxtəlif vəziyyətlərə düşüblər. Bəzən uğurları olur, bəzən uğursuzluqları olur, bəzən asan olur, bəsən çətin olur, bəzən mühasirədə olurlar. Biz Quranda bu insan davranışlarını, qrupların davranışlarını öyrənərək, həyatımıza tətbiq edə bilərik. Başa düşülən budur ki, düşmən heç bir zaman işini bitmiş hesab etmir. Əgər Ühüddə hər hansı bir uğura çatıblarsa, bəsdir demirlər, hazırlaşıb bir daha hücum edirlər.

Misal üçün, bəzən deyirlər ki, düşmənlərin İslam ümmətinin filan mövzusu ilə bağlı məsələləri var, yəqin bununla bağlı istədiklərinə çatsalar, sonra daha rahatlanarlar. Allahın ayəsi bizə göstərir ki, düşmən bununla rahatlamır. Əgər azacıq da olsa, nə iləsə bağlı uğura çatırlarsa, sonra ardı gələcək, sonra daha ardı gələcək və s. Bu, İslamla düşmənçilik edənlərin zati-psixoloji durumudur.

"Bir qədər istədiklərini əldə etsələr, əl çəkərlər” fikri kökündən yanlışdır. Nə Məkkə müşrikləri elə idilər, nə də İslamın bütün dövrlərində düşmənləri o cür olublar. Əgər ayaqları balaca yer tutsa, ardını gəlirlər.

Ühüddən sonra Allahın və Rəsulunun (s) müsəlmanlara çağırışı var

Öncəki ayələri nəzərə alaraq, təfsiri nöqtələrə diqqət edəndə görürük ki, Allahın və Onun Rəsulunun (s) möminlərə bir çağırışı, dəvəti var. Bu ayə - o çağırışa və dəvətə cavabdır. Həqiqi möminlər o çağırışa və dəvətə cavab verirlər. Ühüd döyüşündən sonra Allahın və Onun Rəsulunun (s) çağırışı var ki, möminlər imanlarında, ruhiyyələrində, Allah yolunda fədakarlıqlarında diqqətli olsunlar.

Möminlər Ühüd döyüşündən sonrakı bu çağırışa müsbət cavab verirlər. Müsbət cavab verənlər o kəslərdir ki, Məkkə müşriklərinin psixoloji hücumlarından qorxmurlar, zəifləmirlər. Əksinə, onların imanı və fədakarlıqları bir qədər də irəliləyir.

Ühüddən sonra düşmənin təsir mexanizmləri artır

Ayədən başa düşülən odur ki, Ühüd döyüşündən sonra düşmənin adamlarının, Məkkə müşriklərinin adamlarının müsəlmanların arasında təsir mexanizmləri əmələ gəlir. Ühüd döyüşündən sonra düşmənin müsəlmanlara təsir mexanizmləri müəyyənləşir və güclənir. Müsəlman toplumunun içərisində bunların sözünü danışan, bunların fikrini təkrar edən, bunların yaratdıqları xofu, narahatlıqları yayanlar meydana gəlir.

Düşmən hər zaman hər şeyi etməyi bacarmır. Bəzən bir mövzuları yayır, amma əsas işi o kəslər görür ki, bunu gəlib toplumun içərisində təkrarlayırlar. Deməli, Ühüd döyüşündən sonra düşmənin müsəlmanlar arasında təsirləri əmələ gəlir. Psixoloji savaşlarda onlar müsəlmanların ruhiyyəsini aşağı salmaq üçün kifayət qədər bu təsir agentlərindən istifadə edirlər.

Düşmən bir nailiyyəti ilə kifayətlənmir

Ayədən çıxan təfsiri çalarlardan biri də budur ki, məsələ Ühüdlə bitmir. Bədrdə uduzan müşriklər Ühüddə bir qədər vəziyyəti fərqləndirməklə kifayətlənmirlər. Ühüddə əksinə, ürəkləniblər və ardını istəyiblər. Buradan çıxan mövzu odur ki, dünyada olan müsəlmanlar bunu dərk etməli, anlamalıdırlar ki, onlardan istənilənlər ki, var, nəyi əldən versələr ardını yenə istəyəcəklər. Sona qədər, axıra qədər düşmən məqsədindən əl çəkməyəcək.

Ayədən anlaşılan çalarlardan biri də budur ki, müsəlmanlar arasında müsəlman olub panikanı yayanlar da olub. Deməli, bu mövzuya da hər zaman diqqət etmək lazımdır. Müsəlman toplumlarının içərisində düşmənin verdiyi psixoloji təsirləri ötürənlər olur və panikaya düşüb, onu yayanlar olur. Ayədə birbaşa olaraq həmin kəslərin ötürücülüyünə işarə var.

Təfsiri nöqtələrdən biri də budur ki, imanın dərəcələri və iman arta bilir. Möminlərin qorxudulmaqlarının müqabilində, əksinə olaraq imanları artır. Deməli, bütün hadisələrlə qarşılaşan zaman insanın ya imanı zəifləyir, ya da imanı artır. Bütün hər şey bu şəraitdə möminlərin imanını zəiflətməyə hesablanmışdısa da, həqiqi möminlərin əksinə olaraq, imanları artır.

Həqiqi möminlər düşmənin çoxluğundan və onların hücum hazırlıqlarından panikaya düşmürlər. Düşmənlərin bu hazırlıqları möminlərin imanının artmasına səbəb olur. Biz adətən görürük ki, düşmən güclənəndə əks tərəfdə bir qədər psixoloji təsirini qoyur və bir qədər zəifləmə baş verir. Amma həqiqi möminlər o kəslərdir ki, düşmənin güclənməsi nəinki onları qorxutmur, əksinə, imanlarının artmasına səbəb olur.

İmanın artması təvəkküllərlə bağlıdır

Möminlərin bu psixoloji hücuma reaksiyaları Allaha təvəkküllərinin artması halında üzə çıxır. Möminlərin imanının artması özünü onların Allaha təvəkkül etməsində göstərir. Möminlər bəyan edirlər ki, Allah onlara kifayətdir və Allah ən gözəl vəkildir. Onlar özlərindən asılı olanı edəcəklərini, qalanında Allaha sığınacaqlarını, Allahla kifayətlənəcəklərini bildirmiş olurlar. Həqiqi möminin reaksiyası bu olmalıdır. Deməli, təvəkkül etmək - panikaya düşməyin tam əks vəziyyətidir. Allaha inamları olduğu üçün çox rahatdırlar, aramlıqları var.

Təvəkkül və düşməndən qorxma bir yerdə ola bilməz. Onlar hər şeyi edirdilər ki, möminlər qorxsun və xoflansın. Əgər qorxsaydılar, təvəkkül edə bilməyəcəkdilər. Biz müasir tariximizdə də bunun çoxsaylı nümunələrini görürük. Möminlər qorxmadıqlarına və Allaha təvəkkül etdiklərinə görə nəticələrə çata bildilər. Düşmən hər şey etmişdi, baş kəsməklə, qan tökməklə qorxulu bir obraz yaratmışdı ki, müsəlmanları məğlub edə bilsin. Möminlər qorxmadılar və təvəkkül etdilər, nəticələri göz qabağındadır. Fələstində, Livanda, Suriyada, İraqda, Yəməndə, Bəhreyndə müsəlmanların qələbələrinin səbəbləri budur. Qorxmular, təvəkkül edirlər - geci-tezi var, amma mütləq nəticələrə çatacaqlar.

Düzdür, ağrılıdır, çox üzücüdür, amma artıq nəticə əldə ediblər, ümmətin üzünü ağ ediblər. Düşmənin qəddarlığının, həqiqi mahiyyətinin iç üzünü açıq şəkildə bütün dünyaya göstəriblər. Əgər insan düşməndən qorxsa təvəkkül edə və savaşdığı həqiqi amala çatmağı çətinləşər.

İman və təvəkkül yanaşıdır

Ayədən çıxan nöqtələrdən biri də budur ki, iman və təvəkkül yanaşıdır. "Mən iman gətirdim” deməklə iş olmur. İman - əməl tərkibli bir mövzudur. İnsanın imanının artması özünü nədə göstərir? Bəyan edir ki, Allaha təvəkkül edir və Allah ona kifayətdir. Bu, əməli bir mövzudur. Düşmən üz-üzə gəlir, səni məhv etməyə çalışır və sən Allaha təvəkkül edib, düşmənin qarşısından çəkilmirsən.

Bir mühüm təfsiri nöqtə də budur ki, möminlər qorxmurlar, say onları qorxutmur. Çox təəssüflər olsun ki, bəzən insanların qərar vermələri sayladır. Bəzən say insanlarda vahimə yaradır. İnsanların imanına bəzən bu da təsir edir ki, elə zənn edirlər ki, əgər kiminsə sayları çoxdursa, demək ki, onlar düz olan tərəfdir.

Allah həqiqi möminlərin kifayət edəni və vəkilidir

Allah Təala həqiqi möminlərin kifayət edəni və vəkilidir. Bu, çox böyük sözdür. Əgər insan anlasa ki, Allah Təala həqiqi möminin kifayət edəni və vəkilidir, mövzu bitər, onda hər şey yekunlaşar. Həqiqi iman budur. Əgər bunu anlamasa, bunu bilməsə, bundan irəli gələrək davranmasa, bir gün Məkkə müşriklərinin təzyiqlərinə təslim olar olacaq, bir gün İŞİD-in hoqqalarına tabe olacaq, bir gün hegemon dövlətlərin önündən çəkiləcək və s.

Müasir dövrdə həqiqi möminlər bu ayənin mistaqıdırlar. Hər tərəfdən təhdidlər var, hər tərəfdən möminlərin üzərinə gəlirlər, istəyirlər ki, iman işığını söndürsünlər. Amma möminlər nəinki qorxmurlar, əksinə imanları artır. Baş verən çətinliklər onlar üçün imanlarının artma fürsətinə çevrilir. Nəinki təhdidlərdən əzilmirlər, zəifləmirlər, əksinə imanları artır.

Təhdid var, amma çarə də var. Quran ayəsi bizi öyrədir ki, hər təhdidin qarşısında çarə də var. Çarə budur ki, insan imanına yiyə dursun və Allaha təvəkkül etsin. Əvvəlcə təhdidi tanımaq lazımdır və əgər insan bu cür davransa, bu halda Allahın da xüsusi inayətləri nəsib olar. Vacib deyil ki, bunun təzahürləri maddi olsun. Bəzən maddi tərəfi olar, bəzən olmaz. Mühüm odur ki, Allahın qeybi köməklikləri deyildikdə, insanın mənəvi, xeyirli aqibəti anlaşılsın.

Bəzən Allahın qeybi köməklikləri fiziki, maddi kontekstdə də özünü göstərir, bəzən də göstərmir. Biz Yəməndəki vəziyyətə diqqət edəndə görürük ki, maddi kontekstdə vəziyyət çox acınacaqlıdır. Amma yəmənlilər sübut etdilər ki, fələstinlilərin düşmən qarşısında dayanması bir istisnavi durum deyil. Göstərdilər ki, harada iman ruhiyyəsi yaşadılsa, o cür nümunələr meydana gələ bilər.

Möminlər gərək xoflanmasın, aram olsun, çətinliklərdə imanları artsın. Bu da yalnız təvəkkülün hesabına mümkündür. Bunun üçün də Allahı tanımaq lazımdır. Allahı tanısa, bilər ki, Allah ona hər bir məsələdə kifayətdir. Bu mövzulardan ibrət götürmək - hər birimizin həyatı üçün çox önəmli və faydalıdır.

Allahım, bizləri Sənə həqiqi təvəkkül edənlərdən və Səni kifayət bilənlərdən qərar ver!

Allahım, bizlərə sınaq və çətinliklər zamanı imanımızın artmasını nəsib et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

 

 
Hacı İlqar İbrahimoğlu
 
(deyerler.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/public_html/index.php on line 300