sitename

               Jurnalist: "Hüseynqulu Bağırov mediaya təzyiq edir"

 

Azər Talıbov: "Sayt məhkəməyə o halda verilə bilər ki…”

 

Sabiq Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova məxsus olan Qərbi Kaspi Universiteti jurnalist Azər Talıbovu məhkəməyə verib.

 

Bu barədə jurnalist Anaxeber.az-a məlumat verib.

 

O, H.Bağırovun mediaya qarşı münasibətini Mircəfər Bağırovun hakimiyyəti dövrü ilə müqayisə edib.

 

Jurnalist bildirib ki, Bağırov özünü Mircəfər Bağırova oxşamaq arzusundadır: "Prezidentin etimadını doğrultmadığına, yaşıllıqları kommersantlara peşkəş elədiyinə görə nazir postundan kənarlaşdırılmış H.Bağırovun sahibi olduğu təhsil ocağı Anaxeber.az və bir neçə müstəqil elektron medianı məhkəməyə verərək basqı göstərməkdədir. Sabiq nazir "Diffamasiya haqqında” qanunu pozaraq məhz yazıya görə jurnalistləri məhkəmələrdə sıxışdırır. Hərgah, prezident çıxışında mətbuatın yazılara görə məhkəməyə verilməsini, tənqidlərinə görə jurnalistin həbsini yolverilməz saymışdı. Milli Mətbuat Günü isə prezident İlham Əliyev jurnalistləri onun köməkçiləri adlandıraraq nöqsan, qanunsuzluq olan yerin aşkarlanmasında medianın rolunu qiymətləndirmişdi".

 

A. Talıbov deyir ki, Hüseynqulu Bağırov prezidentin siyasətinə qarşı çıxır: "Prezident demişdi ki, insanları narahat edən məsələlər var və mən bu məlumatlar haqqında mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər bilirlər ki, Azərbaycanda söz azadlığı var. Mətbuat azadlığı imkan verməyəcək ki, onlar hansısa işlər görsünlər, qüsurlar buraxsınlar. Bu çıxışın tərkib hissəsi olan dövlətin mətbuata maliyyə dəstəyi, evsiz jurnalistlərin mənzillə təmin edilməsinə baxmayaraq, yarıtmaz fəaliyyətinə görə nazir vəzifəsindən çıxarılmış H.Bağırov indi də yaşıllıqlarla bağlı yox, media siyasəti ilə əlaqədar prezidentin kursuna zidd hərəkət etməkdədir".

 

Jurnalistin sözlərinə görə, keçmiş nazirin azad mətbuata hücumlarına səbəb bir neçə ay əvvəl müəllimlərin müraciətinin tirajlanmasıdır: "Qərbi Kaspi universitetinin bir qrup keçmiş müəllimi uzun illər əmək haqqını və məzuniyyət pullarını ala bilmədikləri ilə bağlı iddialarının Səbail Məhkəməsi tərəfindən təmin olunmadığını bildirmişdilər. Müəllimlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər. Nazirlik müəllimlərin şikayəti əsasında Qərbi Kaspi Universitetini cərimələmiş və şikayətçilərə məhkəməyə verib ədaləti bərpa etmək hüquqlarının olması barədə məktub ünvanlamışdı. Müəllimlərin bildirdiyinə görə, universitetin faktiki sahibi Hüseynqulu Bağırov o zaman Səlim Müslümovla danışdıqdan sonra qanunsuz olaraq qərarın ləğv olunmasına nail olub. Amma bu qərarla tərəfləri tanış etməyiblər. Müəllimlərin sözlərinə görə, nazirliyin şöbə müdiri Elşən Tağıyev onlara bildirib ki, Hüseynqulu Bağırovun müdaxiləsindən sonra bacara bilmədik. Bunun əsasında Səbail Məhkəməsinə müraciət edən müəllimlərin işinə hakim Mədinə Bağırova baxıb. Qərbi Kaspi (Qərb Universiteti) Universitetində uzun illər əvəzçi müəllim kimi işləyən müəllimləri saxta düzəldilmiş sənədlərlə saathesabı kimi qeydə alan məhkəmə hakimi Mədinə Bağırova iddianı təmin etməyib. Biz də bu məlumatları, müəllimlərə istinadən dərc etmişik".

 

A. Talıbov dövlət rəhbərliyinə müraciət edərək H.Bağırovun sahibi olduğu universitetin müstəqil KİV-ə məhkəmə yolu ilə təzyiq göstərdiyini vurğulayıb: "Vəzifəsinin öhdəsindən gəlməyən bir məmur indi dövlət başçısının mətbuatla bağlı dediklərinin əksinə hərəkət edir, təzyiq göstərməklə geri çəkiləcəyimizi düşünür. Biz isə qarşı tərəfə hər zaman açıq olmuşuq, müəllimlərin məhkəmə işi ilə bağlı rektorluğun, onun mətbuat xidmətinin rəsmi açıqlamasını saytda dərc etmişik. Amma Qərbi Kaspi universitetinin rəhbərliyi onların mövqeyini işıqlandırdığımız halda, məhkəməyə üz tutub, təzyiq yolunu seçib".

 

"Sayt qarşı tərəfin mövqeyini dərc etməkdən imtina edəndə məhkəməyə müraciət oluna bilər. Biz onların bu hüququnu pozmamışıq, qarşı tərəfə meydan vermişik Məhkəmə də iddiaçının qarşısında bu tələbləri qoymalıdır ki, qarşı tərəf kimi mövqeləri dərc olunubsa, iş məhkəmədə araşdırıla bilməz. Təəssüf ki, Azərbaycan yaşıllıqlarının qənimi olmuş keçmiş nazir Hüseynqulu Bağırovun sahibi olduğu universitet əsassız olaraq məhkəməni seçib, repressiv addımlar atmağa, mətbuatı sıxışdırmağa çalışır. Mən buradan ölkə rəhbərliyinə və ictimaiyyətə səslənirəm ki, saytlara hücum çəkən Bağırovun universitetinin təzyiqləri durdurulsun”, - Talıbov bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300