Главная > Cəmiyyət > 20 Yanvarın Şəhidlər Günü elan olunması təklif edildi

20 Yanvarın Şəhidlər Günü elan olunması təklif edildi


18-01-2019, 14:14.

          20 Yanvarın Şəhidlər Günü elan olunması təklif edildi

 

Yanvarın 17-də Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə "Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir” adlı Dəyirmi Masa keçirilib.

QAT mətbuat xidmətindən "Yeni Müsavat”a verilən xəbərə görə, tədbirdə siyasi, ictimai xadimlər, 20 Yanvar iştirakçıları, Qarabağ döyüşçüləri və digərləri iştirak edib. Dəyirmi Masa iştirakçılarından Akif Nağı, Valeh Hüseynov, Barat İmani, Taleh Əliyev, Hacı İlham Əliyev, İsmayıl Ağayev, Cəfər Baxış, Svetlana Şamil, Şakir Abbas, Bəhlul Hümbətov, Ramiz İbayev və digərləri çıxış edərək 20 Yanvar hadisəsi, şəhidlik, Qarabağın azadlığı məsələlərinə münasibət bildirib, təkliflərini bildiriblər. Çıxış edənlər xüsusi olaraq təklif ediblər ki, 20 Yanvar Şəhidlər Günü elan edilsin, Milli Məclis bununla bağlı qərar qəbul etsin. Sonda tədbir iştirakçıları bəyanat qəbul ediblər.

Bəyanatda göstərilir ki, Azərbaycanın yeni müstəqil dövlətçilik tarixi həmin 20 yanvar hadisələrinin baş verdiyi günlərdə başladı. Bu tarix Şəhidlər Günü kimi qeyd olunmalıdır. Həmin günün nəticəsində Azərbaycan xalqı öz qanı bahasına imperiya əsarətinə son qoydu, müstəqilliyini bərpa etdi. Bu, çox böyük qələbə, tariximizin ən şərəfli səhifələrindən biridir:"Yenidən dövlət müstəqilliyimizi əldə etdik, amma ərazi bütövlüyümüz hələ də bərpa olunmayıb. Ərazi bütövlüyümüzün bərpa olunması, doğma Qarabağımızın işğaldan azad olunması, düşmənlərimizin üzərində son və tam qələbənin əldə olunması üçün Azərbaycan xalqının bir daha ayağa qalxmasına, döyüş meydanlarında kütləvi şəhidlik nümunəsi göstərməsinə ehtiyac vardır. Dinimizə, imanımıza, mənşəyimizə, mənəvi dəyərlərimizə, döyüş, mücadilə, qanla yazılan tariximizə, dədə-babalarımızın şücaət nümunələrinə, İmam Hüseyn məktəbinə, Cavanşir, Babək, Şah İsmayıl, Cavad xan nümunələrinə, Qarabağ müharibəsi qəhrəmanlarının cəsarət nümunələrinə, 20 Yanvar şəhidlərinin fədakarlıq nümunələrinə söykənərək Qarabağın azadlığı naminə müqəddəs savaşa başlamalı və qalib gəlməliyik! Bizim başqa yolumuz yoxdur! Ya Qarabağ, ya ölüm! Qarabağımız azad, Şuşamız paytaxt olsun!”.

E.SEYİDAĞA, musavat.com

 


Вернуться назад