Главная > Araşdırma > Boğaz ağrısı, yüksək hərarət, halsızlıq: Niyə sağalmırıq?

Boğaz ağrısı, yüksək hərarət, halsızlıq: Niyə sağalmırıq?


3-01-2019, 22:34.

             Boğaz ağrısı, yüksək hərarət, halsızlıq: Niyə sağalmırıq?

 

Son vaxtlar istər böyüklər, istərsə də azyaşlılar arasında boğaz ağrısı, yüksək hərarət, halsızlıq kimi əlamətlərlə müşahidə olunan xəstəliyin artması barədə məlumatlar var. Xəstələnən şəxslər uzun müddət müalicə alsalar da, tam sağalmadıqlarını, yaxud xəstəliyin yenidən təkrarlandığını bildirirlər. Bəs əhali arasında yayılan bu xəstəlik nədir?

Mövzu ilə bağlıe-tibb.az-a danışan infeksionist Vasif Əliyev deyir ki, hər il havalar soyumağa başlayanda, xüsusən də qış aylarında insanların səhhətində bu cür mənfi hallarda artım müşahidə olunur: "Bunlar mövsümi xəstəliklərdir. Adətən epidemioloji, keçici olduğundan hava-damcı yolu ilə yayılır. Əsas əlamətləri boğaz ağrısı, yüksək hərarətdir. Çox vaxt qriplə tənəffüs yolu infeksiyalarını bir-biri ilə qarışdırırlar. Burun axıntısı ilə gələn də deyir qrip olmuşam, boğaz ağrısı ilə gələn də. Qeyd etdiyim əlamətlərə yalnız qrip virusları səbəb olmur. Başqa viruslar, bakteriyalar da eyni əlamətlər verə bilər. Məsələn, boğaz ağrısı tonzillitin, faringitin simptomu ola bilər. Əslində, qripi təyin etmək üçün burun axıntısından örnək götürüb analiz etmək lazımdır. Yəni qrip diaqnozu laboratoriyada təsdiq olunmalıdır. Qrip zamanı xəstədə qızdırma, boğaz ağrısı, halsızlıq, yüksək hərarət, tənəffüs yetərsizliyi ola bilir. Hətta pnevmoniya da yarana bilər. Amma dediyim kimi, xəstəliyi dəqiq müayinə etmək lazımdır”.

Vasif Əliyevin sözlərinə görə, insanların çoxu qrip oldu-olmadı, aptekdən özbaşına antibiotik alırlar. Bu isə yanlışdır: "Qrip virusdur, antibiotikin ona heç bir faydası yoxdur. Antibiotik bakteriyalara təsir edən dərmandır. Qrip isə virus mənşəli olduğuna görə antibiotikin ona heç bir əhəmiyyəti yoxdur. Qrip təsdiqlənərsə, xəstəyə dəstəkləyici müalicə, yataq rejimi və dincəlmək lazımdır. Ümumilikdə qripin sağalma dövrü bir həftədir. Ola bilər xəstə sağalır, amma təkrar bir də yoluxur. Yaxşı olardı ki, qış girməmiş qrip əleyhinə peyvənd olunsunlar. Amma peyvənd hər il təkrar vurulmalıdır. Çünki qrip virusu hər il mutasiyaya uğrayır, formasını dəyişir. Hər il qrip tiplərinə görə yeni peyvəndlər yaradılır. Ona görə peyvəndin davamlı qoruyuculuğu yoxdu. Hər il vurulmalıdır. Qoruyuculuğu 6 ay olduğu üçün oktyabrda vurulmalıdır ki, yaza kimi qripdən qorusun. Xüsusən tez-tez qripə yoluxanlar, yaşlılar, uşaqlar, yanaşı gedən başqa xəstəliyi, məsələn, şəkər, böyrək xəstəliyi olanlar, immun sistemi zəiflər mütləq qrip peyvəndi etdirməlidir”.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva isə e-tibb.az-a açıqlamasında bildirib ki, ölkədə hələlik qrip yoxdur, əhali arasında yayılan kəskin respirator virus infeksiyalarıdır: "Bakı şəhərinin bütün tibb müəssisələrinin gigiyena, epidemiologiya mərkəzləri tərəfindən yoxlamalar aparılır, xəstəliklər barədə məlumatlar verilir. Xəstəliyi bir qədər ağır keçən xəstələrdən yaxmalar götürülür, Taun Əleyhinə Stansiyaya göndərilir. Bu müddət ərzində nəinki pandemik qrip virusu, heç başqa viruslar da aşkar edilməyib. Vəziyyət sabitdir. Həftəlik məlumatlara baxaraq deyə bilərəm ki, infeksiyalarda artım yoxdu. Əgər xəstəlik kimdəsə ağır keçirsə, səbəb şəxsin özü ilə bağlıdı. Xəstə ola-ola çölə çıxıb, işə getməyə davam edirsə, həkimə getmirsə, yataq rejiminə riayət etmirsə, onda ağırlaşma müşahidə olunur, boğaz ağrısı, yüksək hərarət olur. Odur ki, yataq rejiminə riayət edilməli, həkim təyinatı ilə müalicə olunmalı, xəstə bayıra çıxmamalıdır. Bu, həm xəstəliyin ağırlaşmasının, həm də başqalarına yoluxmanın qarşısını alar”

 


Вернуться назад